Gəncə Dövlət Yol Polisində özbaşınalıq: Müjdalı Məmmədovun qanunsuz şousu
Gəncə Dövlət Yol Polisi İdarəsində qəribə, bəlkə də artıq adiləşmiş bir mənzərə hökm sürür — qanunun sayrışan işıqları sanki bəzilərinin şəxsi dekorasiyasına çevrilib. Belə ki, idarənin əməkdaşı Müjdalı Məmmədov, reydə çıxmaq səlahiyyəti olmadığı halda, qanunun deyil, himayədarının verdiyi “yaşıl işıq”la asfaltda öz şousunu nümayiş etdirir.
Rəsmi göstərişlərə, daxili intizam qaydalarına və xidmət nizamnaməsinə zidd olaraq baş tutan bu “reyd nümayişi” bir daha sübut edir ki, bəzi uniforma sahibləri üçün qanun intizam deyil, yalnız formal paltarın bir hissəsidir.
İşin ən maraqlı tərəfi isə odur ki, bu özbaşınalıq idarə rəisi Eldəniz Həsənovun məzuniyyətdə olduğu günlərdə gerçəkləşib — yəni “balıq başdan iylənməsin” deyənlərə rəğmən, balıq dincələrkən quyruq meydan sulayırmış. Bu fürsətdən istifadə edən Müjdalı Məmmədovun “reyd qəhrəmanlığı”nı isə təsadüfi bir hadisə kimi qiymətləndirmək sadəlövhlük olardı, çünki bu səhnənin pərdəarxasında tanış bir ad, rəis müavini Kazım Musayevin himayədarlıq kölgəsi görünür.
Görünür, Gəncə Yol Polisində bəzi “müavinlik” kresloları artıq xidmət intizamının deyil, qohumbazlıq münasibətlərinin dayağına çevrilib. Kazım Musayevin Müjdalı Məmmədova yaratdığı “xüsusi şərait” isə idarənin daxilindəki nizamı bir daha sual altına alır: görəsən, kim reydə çıxmağa icazə verir — rəhbərlik, yoxsa qohumluq hüququ?
Daxili qaydalara əsasən, belə fəaliyyət yalnız xüsusi göstəriş və əmrlə həyata keçirilə bilər. Lakin Müjdalı Məmmədovun davranışları göstərir ki, onun üçün nə göstərişin, nə əmrin, nə də qanunun önəmi var. O, sanki qanunun üstündə toxunulmaz “himayədar qalxanı” ilə hərəkət edir.
Bu “qalxanın” sahibinin isə kim olduğu artıq sirr deyil — Gəncə Dövlət Yol Polisi İdarəsinin rəis müavini Kazım Musayev. Məhz o, Müjdalı Məmmədovun bütün bu qanunsuzluqlarına göz yuman, hətta şərait yaradan şəxs kimi göstərilir. İddialara görə, Kazım Musayevin Müjdalıya olan bu qeyri-rəsmi dəstəyi təsadüfi deyil — aralarında yaxın qohumluq və şəxsi əlaqələr mövcuddur.
Görünür, idarə daxilində bəzi şəxslər üçün xidmət intizamı yox, “ailə intizamı” keçərlidir. Müjdalı Məmmədovun reydlərdə görünməsi, sayrışan işıqlardan istifadə etməsi, səlahiyyətsiz əməliyyatlara qatılması, hətta qanunsuz dayanma və cərimə tənzimləmələrinə müdaxilə etməsi barədə məlumatlar dövriyyədədir.
Bu vəziyyət təkcə bir nəfərin qayda pozuntusu deyil — bu, sistemin içində illərlə yığılıb qalan nepotizm, qohumbazlıq və cəzasızlıq mədəniyyətinin təzahürüdür. Müjdalı Məmmədovun davranışı, əslində, bir simvoldur: bu simvol göstərir ki, bəzən qanun adamı olmaq, qanuna xidmət etmək demək deyil; qanunun geyimini geyinib, öz maraqlarına xidmət etmək artıq bəzi dairələrdə adi hala çevrilib.
Cəmiyyət haqlı olaraq soruşur: əgər yol polisi özü qaydanı pozursa, sürücüdən intizam necə tələb olunur? Əgər sayrışan işıqlar qoruma simvolu yox, şəxsi təmtəraq vasitəsinə çevrilibsə, onda bu işıqlar kim üçün yanır – xalq üçün, yoxsa özbaşınalıq üçün?
Görünür, Gəncə Dövlət Yol Polisi İdarəsində sayrışan işıqlar qanunun deyil, qohumluğun ritmində yanıb-sönür.
Belə getsə, Gəncə yollarında tənzimləyici işıqlar kimi, intizam da qırmızı, sarı, yaşıl arasında yanıb-sönəcək, lakin qanunun işığı heç vaxt sabit yanmayacaq. Bütün bunların fonunda “xidmət intizamı” ifadəsi artıq kağız üzərindəki bir ifadədən başqa bir şey deyil — çünki reallıqda intizamın yerini “himayədar münasibətlər”, məsuliyyətin yerini isə “tanışlıq üstünlüyü” tutub.
Müjdalı Məmmədovun sayrışan işıqlar altında qanunsuz reydə çıxması, əslində, təkcə bir şəxsin sərhədsiz cəsarəti deyil — bu, idarə daxilində sistemli susqunluğun və qorxunun işarəsidir. Eldəniz Həsənovun məzuniyyət günlərində baş verənlər isə sanki bir sınaq idi: “Rəis yoxdursa, qanun da yoxdurmu?” sualına cavab kimi...
Bu suallar cavabsız qaldıqca, qanunun da işığı zəifləyəcək. Və beləcə, “Müjdalı sindromu” təkcə bir şəxsin adı kimi yox, bir sistemin əlaməti kimi yadda qalacaq...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: