Mən Xocalıyam
Baxın, yaxşı baxın. Məni tanıdınızmı?! Mən Xocalıyam. Dağıdılmış, yandırılmış, övladları pərən -pərən olmuş, körpələri süngüdən keçirilmiş, alçaldılmış, kiçildilmiş Xocalı. Görün mənim başıma nələr gəldi.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ -nin 366-cı motoatıcı alayının köməyi ilə məni darmadağın etdilər. Hərbi texnikadan güclü və amansız açılmış atəş nəticəsində çox keçmədi alova büründüm. Övladlarım məni tərk etməyə məcbur oldular. Düşməndən yayınan xocalıların çoxu soyuqdan, şaxtadan məhv oldu. Sakinlərimin diri-diri yandırılmasına, başları kəsilməsinə, üz dərilərinin soyulmasına, hələ doğulmamış döllərin ana bətnində doğranmasına, hətta ...meyitlərin təhqir olunmasına da şahid oldum. Eh... mən nələr gördüm. Hər mundar erməni ləpiri qəlbimə çəkilən dağ oldu. Hər körpənin göz yaşı təbiətdə leysan yağış oldu. Təbiət də dözmədi bu haqsızlığa. Həmin gecə qar, boran, tufanla təbiət də üsyan edirdi vəhşilərə. Vağzalı çalınmamış neçə gəncə o gecə küləyin vıyıltısı, düşmən gülləsinin səsi vağzalı oldu. Ana laylasının avazı üçün sızlayan körpə erməni faşistinin qaba nitqinə daha da sızlayıb pərişan oldu. Ölməyən övladlarım da öldü o gecə. Təbiət də öldü, bəşəriyyət də öldü. Körpələrin gözündə donan yaş kimi insanlıq da öldü. 32 il həbsdə, düşmən əsarətində yaşadım. Buna yaşamaq demək olarsa. Mən Azərbaycan muğamına, türk səsinə, Quran ayəsinə, məscidlərdə ucalan azan səsinə həsrət qaldım. Amma sınmadım. İnandım. Dövlətimizə, millətimizə inandım.
Bu gün xoşbəxtəm. Çox xoşbəxtəm. Qisasım alındı. Körpələrin nalələri, feryadları, qadınların namus, kişilərin qeyrət intiqamı qiyamətə qalmadı.
Mən öz adımdan və bütöv Azərbaycan adından Ali Baş Komandanımıza,
Azərbaycan əsgərinə təşəkkür edirəm. Yaşa, Azərbaycan! Var ol, Azərbaycan əsgəri!