Nazirlik: Güclü külək bir sıra fəsadlar törədib
Bu gün səhər saatlarından başlayaraq əsən güclü külək bir sıra fəsadlar törədib.
"Azerinews.az" xəbər verir ki, bu barədəFövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə güclü külək səbəbindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 28 ünvanında yerləşən onmərtəbəli yaşayış binasının beşinci mərtəbəsinin eyvanında peyk antenasının qoparaq asılı vəziyyətdə qalması və ətrafdakı insanlar üçün təhlükəli vəziyyət yaratması barədə məlumat daxil olub. Əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri peyk antenasını götürərək mümkün fəsadları aradan qaldırıblar.
"Güclü küləyin təsirindən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Əli Nəzmi küçəsi, 3A ünvanında yerləşən evin dam örtüyünün qopub düşməsi nəticəsində qonşu evə giriş-çıxışın məhdudlaşması və insanların sərbəst hərəkətinə maneə yaranması barədə məlumat daxil olub. Nazirliyin əməkdaşları hadisə yerinə cəlb olunublar", - məlumatda qeyd olunub.
Həmçinin vurğulanıb ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, bina 110 ünvanında üçmərtəbəli qeyri-yaşayış binasının dam örtüyünün vətəndaşlar üçün yaratdığı təhlükə ilə əlaqədar xilasedicilər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.