QMİ fitrə zəkatının məbləğini açıqladı: Mübahisə yarandı

8-04-2024, 11:17 113 dəfə baxılıb

 

Ramazan ayı sabah sona çatır. Aprelin 10-da isə Azərbaycanda Ramazan (Fitr) bayramının namazı qılınacaq. Bayram namazına qədər - yəni 1-2 gün əvvəl fitrə zəkatı çıxarılacaq, ehtiyacı olanlara yardım ediləcək.

Fitrə zəkatı bayramı namazına qədər çıxarılmalıdır, çünki ondan sonra verilən zəkat adi sədəqə sayılır. Fitrə zəkatının miqdarı adambaşına üç kiloqram ərzaqla hesablanır. Yəni evdən hər bir ailə üzvünün adına üç kq müəyyən növ ərzaq çıxarmaq lazımdır.

Bu arada Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fitrə zəkatının pulla hesablanmış məbləği barədə açıqlaması birmənalı qarşılanmayıb. QMİ tövsiyə edib ki, fitrə zəkatını pulla hesablayarkən adambaşına 10 manatdan götürmək məqsədəuyğundur.

“İmkanı olanlar bu məbləğdən daha çox hesablaya bilərlər. Maddi durumunu normallaşdırmış, borcları olmayan, ailəsini dolandıra bilən insanlar mütləq fitrə zəkatı çıxarmalıdırlar”, - deyə idarə rəsmisi bildirib.

Sosial şəbəkələrdə isə Qafqaz Müsəlmanları İdarəsinin açıqlaması tənqidlərə tuş gəlib.

İnsanlar fitrə zəkatının adambaşına 10 manatdan hesablanmasını çox hesab edirlər. Bu onunla əsaslandırılır ki, hazırda buğdanın bir kq-ı 0,8-1,2 manatdırsa, ya da düyünün bir kq-ı 3-6 manatdırsa, QMİ niyə fitrə zəkatının minimum məbləğini 10 manatdan hesablayır?

Sosial şəbəkələrdəki müzakirələrdə QMİ-ni fitrə zəkatının minimum məbləğini hesablayarkan imkanı zəif, yoxsul, xəstə insanları nəzərə almamaqda qınayıblar. Çünki qəlbində Allah sevgisi olan bütün inanclı insanlar maddi durumlarına baxmayaraq Fitr bayramı ərəfəsində evlərindən zəkat çıxarmaqla şükür etmək niyyətindədirlər.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, İlahiyyat İnstitutunun sabiq rektoru Ceyhun Məmmədov Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib.

“Ramazana xas əməllərdən biri də fitrə zəkatıdır. Dinimizə görə, hər bir müsəlman şəxs fitrə zəkatını verməlidir”, - deyən ilahiyyatçı deputat məbləğə də toxunub.


“Fitrə zəkatının pulla hesablanmış məbləğinə gəldikdə isə imkandan asılı olaraq bu məbləğ adambaşına 3-15 manat arası dəyişə bilər. Bu, bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən asılıdır. Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız, məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız yuxarı olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var”.

“Fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzağın dəyərində pul da verilə bilər?” məsələsinə gəldikdə, C.Məmmədov deyib ki, bəzi islam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar. Müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra islam alimləri isə ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər.

“Hesab edirəm günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insanın nəyə ehtiyacının daha çox olduğunu bildiyimiz halda isə buna uyğun pulla istədiyimiz ərzağı və ya başqa əşyanı ala bilərik”.

İmkanı olan hər bir şəxsin fitrə zəkatını verməsinin vacibliyini vurğulayan ilahiyyatçı deputat deyib ki, onu mütləq imkansız insanlara vermək lazımdır:

“Fitrə zəkatının vaxtına gəldikdə, Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir.

Allah bütün oruc və duaları qəbul etsin, dövlətimizi, xalqımızı, Prezidentimizi, birlik və həmrəyliyimizi qorusun, bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə şəfa versin!”.

Xatırladaq ki, bu il Ramazan ayı martın 11-də başlayıb. Aprelin 10-da və 11-də isə Azərbaycanda Fitr bayramı qeyd olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930