Təhsil ocaqlarına yalnız orta təhsil haqqında şəhadətnamə almaq üçün üz tuturlar
Repetitorluq mövzusu təhsilimizinüzqarasıdır. Orta məktəblərdə dərslərdən yayınan müəllim evində təhsil ocağı yaradır. Sinif otaqlarında dərs keçməyi özünə rəva bilməyən müəllimləri şəxsi mənzilində elm öyrətməyə həvəsləndirən maddiyyat valideynləri həyatın çətinlikləri ilə çəkişməyə vadar edir.
“Yoldaşım dənizdə işləyir, aylıq maaşı elə də böyük deyil. Qızım bu il universitetə qəbul olub məni problemin birindən azad etsə də, oğlum 10-cu sinfi bitirir. Artıq 4 ildir ki, repetitor yanına hazırlıqlara gedir. Yoldaşımın maaşının 35% -i oğlumun hazırlıqlarına sərf olunur, geridə qalan 65 %- i ilə güc bəla dolanırıq. Özüm də müəlliməyəm, sinif otağında can qoyuram ki, valideynlər mənim kimi əziyyət çəkib repetitorlara pul xərcləməsinlər. Öz dərs keçdiyim heç bir uşağı hazırlığa götürmürəm, çünki buna ehtiyac duymuram. Biliyimi sinif otağında xəsisliklə paylaşan müəllimlərdən deyiləm”, dedi- Könül Mahmudzadə.
Könül xanımın dediklərindən aydın olur ki, vicdanını itirməyən müəllimlər hələ də var. Onlar bu sistemlə (repetitor) mübarizə aparır.
Araşdırmalar sübut edir ki, dünyanın əksər ölkələrində yayılan repetitor xidməti ölkəmizdəki qədər vüsət almayıb. Cəmiyyətimizdə şagirlər nəinki yuxarı siniflərdən, hətta birinci sinifdən hazırlıqlara başlayırlar. Birinci sinif şagirdinə hərfləri və saymağı məktəb auditoriyalarında öyrənmək necə mürəkkəb olursa, üz tuturlar repetitorlara. Bəzən məktəb müəllimləri ilə yanaşı heç bir ali təhsili olmayan şəxslər və qeyri-ixtisaslar müəllimlik edir. İngilis və digər xarici dilləri ünsiyyətlə öyrənən şəxs universitetə dil nəzəriyyəsindən uşaq hazırlayır.
“Övladlarım Nizami rayonu 142 № məktəbdə təhsil alır. Qızım bu il məktəbi bitirdi.10-11 ci siniflərdə ümumiyyətlə məktəbə getmir, hazrırlıqlara, repetitor yanına gedirdi. Nəinki qızım, sinif yoldaşları da ali məktəblərə qəbul olmaq üçün repetitor yanına üz tuturdular. Elə ailələrin uşaqları var ayaqlarına ayaqqabı ala bilmir, lakin hazırlıqlara davam edirlər. Uşağımızın gələcəyi, cəmiyyətdə müəyyən mövqe sahibi olması üçün buna məcburuq. Biz az təminatlı ailəyik, ancaq öz şəxsi təminatlarımızı, bir kənara atıb, övladımıza təhsil verməyə çalışırıq. Məktəblər indi formal xarakter daşıyır. Təhsil ocaqlarına yalnız orta təhsil haqqında şəhadətnamə almaq üçün üz tuturlar”, -dedi, Əminə Qüdrətova.
Ölkəmizdə repetitor - əlavə məşğələ hazırlığı son 20 ildə geniş yayılıb. Təkcə Bakıda yox, elə digər şəhər və rayonlarda da ictimai yerlərdə, sosal şəbəkələrdə yayılan elanlardan da görmək olar. Əgər hazırlıqlar 10-15 il əvvəl daha çox yuxarı sinifləri əhatə edirdisə, indi bu virus aşağı siniflərdə də tüğyan edir.
Hərçənd, ibtidai sinif şagirdləri əlavə məşğələdə növbəti günün dərsini hazırlayırsa, orta və yuxarı sinif şagirdləri üçün mənzərə fərqlidir: onlar məktəbdən sonra getdikləri repetitorda fərqli mövzuda dərs keçirlər və evdə həm məktəbdə tədris fənlərini, həm də məşğələdə aldıqları tapşırıqları etməli olurlar.
“Oğlum Səbail rayonu 236 № məktəbin 3-cü sinifində təhsil alır. Birinci sinifdən müəllim yanına məşğələlərə gedir. Çünki mən ev tapşırıqlarında ona kömək edə bilmirəm. İndi dərsliklər həddən-ziyadə qəlizləşib. Orta təhsilli valideynin evdə övladına kömək etməsi qeyri-mümkündür”, dedi- Şəfəq Babayeva.
Valideynlərin bəziləri hesab edir ki, şagirdlərə keçirilən dərs proqramı ilə imtahanda onların qarşısına çıxan suallar arasında “uçurum” olduğundan, əlavə məşğələlərə ehtiyac yaranır. Bəzilərinə görə, çoxşagirdli sinifdə dərsi mənimsəmək çətin olur, ona görə də repetitor yardımından istifadə etməli olurlar.
Repetitor yanına getməsi şagirdlərin universitetə qəbul olma şansını daha da artırıb onlara yeni imkanlar yaratsa da, repetitor təhsili məktəb təhsilini əvəz etmir. “Çünki məktəb təhsili təkcə şagirdin hər hansı bir fənni öyrənməsi məsələsi deyil, onun şəxsiyyət kimi yetişməsinə xidmət edir.
Elida Laçın