Gürcüstanda Azərbaycanlıların İnteqrasiya Mərkəzi açılacaq
Rustavi şəhərində Azərbaycanlıların İnteqrasiya Mərkəzi açılacaq. "Azerinews.az" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstan parlamentinin Təhsil, elm və gənclər məsələləri üzrə komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib. F.Muradov Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, diaspor quruculuğu istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Hazırda iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın yüksək dinamikasının, Azərbaycanın müəllifi olduğu enerji və digər iqtisadi layihələrin regional inkişaf və sülhün möhkəmləndirilməsinə verdiyi tövhələrin arxasında ölkə rəhbərlərinin möhkəm iradəsinin dayandığı qeyd olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı həyata keçirilən layihələrdən söz açıb, soydaşların yerli cəmiyyətə inteqrasiyası, mümkün assimilyasiya amillərinin aradan qaldırılmasının vacibliyini, Gürcüstanın ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı gənclərin ölkənin sosial-ictimai həyatında iştirakının yüksəldilməsinin zərurətini bildirib və bu istiqamətlərdə görülən işlər barədə danışıb. Qonaqlara Azərbaycanlıların kompakt yaşadığı ərazilərdə fəaliyyət göstərən inteqrasiya mərkəzləri barədə ətraflı məlumat verilib. Tbilisi şəhərində və Kvemo-Kartlidə 5 mərkəzin fəaliyyət göstərdiyi, Azərbaycan, gürcü və digər dillərin tədris edildiyi, müxtəlif incəsənət və idman növlərinin öyrədildiyi, abituriyent hazırlığı aparıldığı və s. nəzərə çatdırılıb. Tbilisidəki “Qanun” Hüquq Mərkəzinin ötən il 1280 nəfər soydaşımıza hüquqi məsələlərlə bağlı kömək etdiyi qeyd olunub. G.Mikanadze iki ölkə arasında çoxəsrlik dostluq, mehriban qonşuluq münasibətlərinin olduğunu bildirib. Gürcüstanlı qonaq azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası istiqamətində dövlət tərəfindən görülən işlər, gürcü dili ilə bağlı həyata keçirilən layihələr, azərbaycanlıların təhsil imkanlarının genişləndirilməsi barədə danışıb. Gürcüstan parlamentinin Təhsil, elm və gənclər məsələləri üzrə komitəsinin sədri səfər çərçivəsində müxtəlif dövlət qurumları ilə əməkdaşlıq məsələlərini müzakirə etdiklərini, Dövlət Komitəsinin də birgə əməkdaşlığa hazır olmasından məmnunluğunu ifadə edib.