Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirildi - Fotolar
Bu gün Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türk dövlətlərinin məktəbliləri arasında “Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib.
“Azerinews.az” xəbər verir ki, Türkdilli xalqların birliyini əks etdirən festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan 250-yə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edib.
Festivalda həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, 150-yə yaxın məktəbli, şəhid övladları tamaşaçı qismində iştirak ediblər.
Qeyd edək ki, beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.