COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək
2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı COP29-un baş qərargahında ilk mətbuat konfransı təşkil olunub.
“Azerinews.az” xəbər verir ki, tədbirdə COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, COP29-un baş icraçı direktoru Elnur Soltanov, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Narmin Carçalova, COP29-un İqlim üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, COP29-un iqtim üzrə Gənclər Çempionu Leyla Həsənovanın çıxışları nəzərdə tutulub.
COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova qeyd edib ki, ölkəmiz bugünədək müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib. Lakin iştirakçı sayına və miqyasına görə COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ən böyuk tədbir olacaq.
O, bildirib ki, tədbirin keçiriləcəyi məkan kimi Bakı Olimpiya Stadionu seçilib. Bu qərar BMT (UNFCCC) ilə məsləhətləşmələr ve əvvəlki COP tədbirlərinin təcrübəsi nəzərə alınaraq qəbul edilib. İndiyədək bu məkanda keçirilən böyükmiqyaslı tədbirlərdə infrastrukturun effektiv istifadəsi və dayanıqlılığı tam təmin edilib.
Onun sözlərinə görə, COP29 zamanı təşkil olunacaq Göy və Yaşıl zonaların stadion ərazisində kompakt şəkildə yer alması və ətraf mühitə mümkün mənfi təsiri minimuma endirmək məqsədilə ərazinin planı BMT-nin təşkilat komandası ilə koordinasiyalı şəkildə hazırlanır. Konfransın bütün plenar sessiyalarının vahid makanda təşkili üçün stadion ətrafında əlavə konstruksiyalar quraşdırılacaq. Mətbuat konfransında qonaqları qəbul edəcək mehmanxanalarla bağlı məsələyə də aydınlıq gətirilərək bildirilib ki, bütün yerləşdirmə imkanları tezliklə vahid beynəlxalq platforma üzərindən təqdim ediləcək.