Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb
Əməliyyat-İstintaq Baş İdarəsi, Bakı Baş Gömrük İdarəsi və Gəncə Gömrük İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupunun üzvləri tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda aksiz markası olmayan siqaretlər aşkar edilib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış külli miqdarda tütün məmulatlarının qanunsuz idxalı, satış məqsədilə saxlanılması və satışının həyata keçirilməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında müvafiq məhkəmə qərarı ilə Tovuz rayon sakininə məxsus fərdi yaşayış evinə baxış keçirilib.
Fərdi yaşayış evindən 122 karton qutuda qablaşdırılmış 1 milyon 219 min 980 ədəd müxtəlif növ aksiz markası ilə markalanmamış tütün məmulatları aşkar edilərək götürülüb.
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq baş İdarəsi tərəfindən hüquqpozmaya yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi üçün fakt üzrə araşdırma aparılır.
Dövlət Gömrük Komitəsi bir daha vətəndaşların diqqətinə çatdırır ki, iri vergi tutumlu və aksiz markası ilə markalanmalı olan siqaretlərin qanunsuz idxalı, satışı, əldə edilməsi, daşınması, saxlanması, onlardan istifadə edilməsi və onlar üzərində sərəncam verilməsi, habelə bu qəbildən olan digər hərəkətlər dövlətin, bu sahədə qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin, habelə istehlakçıların mənafeyinə ziyan vurur, törədilmiş hüquqpozmanın xarakterindən asılı olaraq inzibati və cinayət məsuliyyətinə səbəb olur.