Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi

5-01-2026, 16:14 4 dəfə baxılıb

 

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik edib.

“Azerinews.az” xəbər verir ki, təbrik mətnində deyilir:

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Azərbaycanda yüz illərdir ki, ayrı-ayrı xalqlar və etiqadlar arasında qarşılıqlı hörmət və etimada, mehriban dostluq və qardaşlığa əsaslanan milli-mənəvi həmrəylik mühiti hökm sürür.

Cəmiyyətimizdə yüksək birgəyaşayış mədəniyyətinin, mənəvi-əxlaqi normaların, multikultural dəyərlərin və dözümlülük prinsiplərinin təbliği və təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin prioritet xəttini təşkil edir.

Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda bu gün hər kəs mədəni özünüifadə imkanlarına malikdir. Dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarına, o cümlədən xristian icmasına etnik-mədəni özünəməxsusluğunu qoruyub saxlamaq və daha da inkişaf etdirmək üçün hərtərəfli demokratik-hüquqi şərait yaradılmışdır. Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz ictimai-siyasi, sosial-mədəni həyatımızın bütün sahələrində yaxından iştirak edir, ümumi evimiz Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə səylərini əsirgəmirlər.

Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gündə bir daha hamınıza bayram təbriklərimi çatdırıram, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930