Mehriban Əliyeva qızları və gəlini ilə Vatikanda açılışda - Fotolar
Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfərə gedib.
“Qafqazinfo” xəbər verir ki, oktyabrın 16-da səfər çərçivəsində Birinci vitse-prezident və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar.
Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone, Mədəniyyət və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi və Roma şəhərinin VIII bələdiyyəsinin prezidenti Amedeo Çakkeri Birinci vitse-prezident Mehriban Əliyevanı qarşıladılar.
Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone Birinci vitse-prezident Mehriban Əliyevanın uzun illərdir başçılıq etdiyi komissiya ilə çox yaxından və səmərəli əməkdaşlıq etdiyini bildirib. Paskuale Yakobone Komodilya katakombalarının açılışında iştirakına görə Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib.
Bu layihə həyata keçirilməzdən əvvəl Azərbaycan tərəfi ilə iki digər mühüm layihənin icra olunduğunu vurğulayan Komissiyasının prezidenti Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpasına Heydər Əliyev Fondunun səyləri nəticəsində nail olduqlarını vurğulayıb.
“Heydər Əliyev Fondunun dəstəyi ilə bir tərəfdən mürəkkəb, lakin digər tərəfdən bizi çox ilhamlandıran, böyük enerji verən bərpa işlərini birgə həyata keçirdik”, - deyə o əlavə edib.
Paskuale Yakobone layihə çərçivəsində Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının üzvlərinin 2024-cü ilin iyulunda Azərbaycana yaddaqalan səfərini xatırladıb. O, bu işin yüksək səviyyədə başa çatdırılmasına görə Heydər Əliyev Fonduna dərin təşəkkürünü bildirib.
Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının sabiq prezidenti kardinal Canfranko Ravazi ölkəmizə səmimi və dərin dostluq telləri ilə bağlı olduğunu vurğulayaraq, Azərbaycana üç dəfə səfər etdiyini diqqətə çatdırıb, səfərlər çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu və məhz onun qərarı ilə Azərbaycan dövlətinin ən yüksək mükafatlarından birinə - “Dostluq” ordeninə layiq görüldüyünü qeyd edib. Canfranko Ravazi Birinci vitse-prezident Mehriban Əliyeva ilə səmimi dostluq və qarşılıqlı hörmət münasibətlərindən söz açaraq deyib: “Bu münasibətlər uzun illər ərzində formalaşıb, şəxsən mənə böyük və dərin təəssürat bağışlayıb. Təşkil etdiyimiz səfərlərdə Birinci vitse-prezidentin arxeologiya sahəsinə xüsusi bağlılığının şahidi olduq. Çünki səfərlər çərçivəsində bərpa olunan yerləri şəxsən özü ziyarət edirdi. Əlbəttə ki, onun dəstəyi sayəsində, Heydər Əliyev Fondunun göstərdiyi yardım nəticəsində bu gün katakombaların açılışında əməkdaşlığımızın yeni bir səhifəsini yazırıq. Görülmüş işlərə görə Birinci vitse-prezidentə dərin təşəkkürümü bildirirəm”.
O, hər iki tərəfin bu sahədə ahəngdarlıq nümayiş etdirdiyini qeyd edib.
müstəsna dini və tarixi əhəmiyyət daşıyır. Ötən əsrin 50-ci illərində bu ərazidə yaşayış binalarının tikintisi katakombanın statikasına mənfi təsir göstərib. Heydər Əliyev Fondunun göstərdiyi dəstək katakombanın böyük arxeoloji dəyərə malik olan bu hissəsini uçmaq təhlükəsindən qoruyub.
Bərpa prosesi zamanı işçilərin sağlamlığı üçün təhlükəsiz, ekoloji cəhətdən təmiz materialların istifadəsi də daxil olmaqla, müasir metod və texnologiyalar tətbiq edilib. Məhsulların möhkəmləndirilməsi prosesində nanotexnologiyadan və boyalı səthlərin emalı üçün lazer texnologiyasından istifadə olunub. Bütün materiallar yeraltı mühitlə yüksək uyğunluq nəzərə alınmaqla seçilib.
Qeyd edək ki, Heydər Əliyev Fondu Vatikanda genişmiqyaslı bərpa işlərini fəal şəkildə maliyyələşdirməklə dünya mədəni irsinin qorunmasına mühüm töhfə verir. Bu təşəbbüslər Müqəddəs Taxt-Tac tərəfindən səmərəli əməkdaşlıq və mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi nümunəsi kimi yüksək qiymətləndirilir.




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: