Paşinyanın 31 kəndlə bağlı iddiasına rəsmi - Reaksiya

15-02-2024, 17:17 1 dəfə baxılıb


“Ermənistanın Baş naziri Nikol Paşinyanın 15 fevral tarixli hökumət iclasında növbəti dəfə səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaratmaq məqsədi daşıyır”.

“Azerinews.az” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Baş naziri Nikol Paşinyanın fevralın 15-i hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində deyilir.

“İlk növbədə qeyd edək ki, hərbi qulluqçumuzun yaralanmasına cavab olaraq ölkəmizin həyata keçirdiyi tədbirlərin təcavüz kimi qiymətləndirilməsi faktların saxtalaşdırılmasıdır. 12 fevral tarixində Ermənistan tərəfinin təxribatlarının 5 aya yaxın müddətdə hökm sürən sabitliyi pozduğu və bunun məsuliyyətinin Ermənistan tərəfində olduğu hər kəsə yaxşı məlumdur. Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan hərbçisinin yaralanması faktı ilə bağlı araşdırma aparılacağı barədə vədlərinə indiyə qədər nəyə görə əməl olunmadığına izahat verilməsi, habelə Ermənistanın sərhəd postlarında müxtəlif hərbi qruplaşmalara məxsus muzdluların Müdafiə Nazirliyinə hansı əsasda tabe olması məsələsinə aydınlıq gətirilməsi faydalı olardı.

Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan Baş naziri növbəti dəfə guya Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın tərkib hissəsidir. Əvvəlki bəyanatlarında belə kəndlərin 32 olduğunu bildirən Baş nazirə xatırlatmaq istərdik ki, Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur.

Həmçinin, 1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə və delimitasiyanın həyata keçirilməsinə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi yaxşı olardı.

Ermənistanın bütün qonşularının ərazi bütövlüyünü dəstəklədiyini iddia edən baş nazirə Ermənistan Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında, rəsmi bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarını xatırlatmaq istərdik.

Ermənistan tərəfi həqiqətən də sülh prosesində maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkməlidir”, - deyə məlumatda qeyd olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930