Prezident Migel Anxel Moratinosu qəbul etdi
Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.
“Azerinews.az” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
***
Migel Anxel Moratinos İlham Əliyevi prezident seçkilərində qələbəsi və Azərbaycanın COP29-un sədri seçilməsi münasibətilə təbrik edib.
Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirib.
Qonaq ölkəmizin qazandığı nailiyyətlərin heyranedici olduğunu və Azərbaycanın Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini vurğulayıb. O, BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək verilmiş dəstəyə görə təşəkkürünü bildirib.
Söhbət zamanı COP29 çərçivəsində Dünya Dini Liderlərinin iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək mövzusunda da tədbirlərinin keçiriləcəyi qeyd olunub, bu xüsusda əməkdaşlıq məsələlərinə toxunulub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilib, onun beynəlxalq səviyyədə ən mühüm platformalardan birinə çevrildiyi vurğulanıb. XI Qlobal Bakı Forumunda da dünyanın müxtəlif regionlarını təmsil edən çox sayda iştirakçının olduğu, burada aktual məsələlərin müzakirə ediləcəyi bildirilib.
Görüşdə Mədəniyyətlərarası Dialoq Forumunun Azərbaycanda uğurla keçirildiyi və bu ənənənin bundan sonra da davam edəcəyi vurğulanıb. BMT-nin Sivilizasiyalar Alyansının Mədəniyyətlərarası Dialoq Forumunun tərəfdaşı olaraq öz dəstəyini daim göstərdiyi qeyd edilib.
Söhbət zamanı Avropa ölkələrində artan islamofobiya meyillərindən narahatlıq ifadə olunub.