Niyazi Bayramov Meksika səfiri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Mariya Viktoriya Romero Kabalyero ilə görüş keçirib.
İcra Hakimiyyətindən verilən xəbərə görə, Niyazi Bayramov rəsmi qonağa Gəncənin tarixindən söz açıb, mədəni, sənaye və iqtisadi potensialından danışıb. O bildirib ki, Gəncə 2016-ci ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı, 2019-cu ildə Avropanın İdman Şəhəri tituluna sahib olub. 2020-ci ildə Gəncə şəhəri Avropa Yenidənqurma və İnkişaf Bankının Yaşıl Şəhərlər Proqramına qoşulub. 2025-ci ildə isə Gəncə MDB-nin idman paytaxtı seçilib. Bütün bunlar da öz növbəsində şəhərin Avropada tanıdılması və təbliğinə müsbət təsir göstərib.
Şəhər rəhbəri Gəncədə 3 universitet və 3 kollecin, həmçinin bir sıra iri sənaye müəssisələrinin olduğunu da səfirin diqqətinə çatdırıb. O, burada “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin, “AzərAlüminium” ASC, “Gəncə Şərab - 2” və digər iri sənaye müəssisələrinin fəaliyyət göstərdiyini də vurğulayıb.
Bununla yanaşı görüşdə o da qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri şəhərin iqtisadi və turizm potensialının genişlənməsinə təkan verir, çünki sözügedən ərazilərə ən yaxın sənaye və logistika mərkəzi məhz Gəncə şəhəridir. Həmçinin, Gəncə şəhərində mədəniyyət ocaqlarının da geniş fəaliyyət göstərildiyi qonağın diqqətinə çatdırılıb.
Xanım Mariya Viktoriya Romero Kabalyero səmimi görüş üçün Niyazi Bayramova təşəkkür edib. Xanım səfir bildirib ki, səfər çərçivəsində “AzərAlüminium” ASC-yə, Gəncə Dövlət Dram Teatrına və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasına ziyarət edəcək. “Urban” Mərkəzində isə “Gəncə Meksikanı kəşf edir!” adlı foto və rəsm sərgisinin təşkil olunacağını diqqətə çatdırıb.
Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.
Sonda hədiyyə təqdim olunub.