Prezidentə təbriklər gəlir - Yenilənir
İtaliya Prezidenti Sercio Mattarella Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“Azerinews.az” xəbər verir ki, məktubda deyilir:
“Dost Azərbaycan xalqı milli bayramını qeyd etdiyi gündə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Bakı ilə Roma arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələri məni çox məmnun edir. Bu əlaqələr ikitərəfli səviyyədə inkişaf edərək Rusiya-Ukrayna müharibəsi və Orta Şərqdə gərginliyin artması ilə xarakterizə olunan hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə xüsusi əhəmiyyət kəsb edir.
Əminəm ki, bu möhkəm əsaslarla ölkələrimiz strateji tərəfdaşlığı gücləndirmək, maraq doğuran bir çox sahələrdə onu zənginləşdirən yeni təşəbbüslər irəli sürmək üçün birgə fəaliyyətini davam etdirəcək.
Mən bir daha təsdiq edirəm ki, İtaliya Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsinə, o cümlədən regional sabitlik, əlaqələr və beynəlxalq təhlükəsizlik məsələləri üzrə dialoqun intensivləşməsinə qətiyyətlə dəstək verməyə davam edəcək.
Cənab Prezident, sentyabr ayında Sizinlə Kuirinaledə yenidən görüşəcəyimə ümidvaram.
Sizə və bütün həmvətənlərinizə İtaliya xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram”.
Macarıstanın Prezidenti Tamaş Şuyok Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
“Hörmətli cənab Prezident.
İcazə verin, Sizə Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə təbriklərimi çatdırım.
Mən şadam ki, son illər ölkələrimiz arasında qarşılıqlı hörmət və minnətdarlığa əsaslanan çoxşaxəli əməkdaşlıq inkişaf edib. Macarıstan Azərbaycanla dostluq əlaqələrinin dərinləşməsinə böyük əhəmiyyət verir və bunun üçün genişlənmiş strateji tərəfdaşlığımız çox gözəl əsas yaradır.
Sizi əmin edə bilərəm ki, mən çoxşaxəli siyasi, iqtisadi və mədəni əlaqələrimizin daha da möhkəmlənməsinə sadiqəm. Ümid edirəm ki, gələcəkdə bizim ümumi məsələlərlə bağlı şəxsən fikir mübadiləsi aparmaq imkanımız olacaq.
Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.