Ceyhun Bayramov Lui Bono ilə sülh prosesini müzakirə etdi
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə regional sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.
C.Bayramov iki ölkənin rəsmiləri arasında təmasların intensivləşməsinin münasibətlərin inkişaf dinamikasına müsbət təsir göstərdiyini diqqətə çatdıraraq, bu istiqamətdə qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edib.
Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi istiqamətində aparılan danışıqlar, habelə sülh gündəliyi üzrə əldə olunan son inkişaflar barədə ətraflı məlumatlandırılıb.
Nazir, xüsusilə delimitasiya komissiyaları arasında əldə olunan, ölkəmizin Ermənistan tərəfindən işğal altında olan 4 kəndinin geri qaytarılmasını ehtiva edən son razılığın ikitərəfli danışıqlar prosesinin regional sülh və etimad quruculuğuna real töhfə vermək baxımından faydalılığını bir daha təsdiq etdiyini vurğulayıb.
Cari ilin 10-11 may tarixlərində Qazaxıstanın Almatı şəhərində konstuktiv ruhda baş tutan danışıqların da ikitərəfli sülh prosesinin effektivliyinə dəlalət etdiyi vurğulanıb.
Baş müşavir Lui Bono regionda baş verən son proseslərin sülh quruculuğu fəaliyyətinin gələcəyinə ümid yaratdığını, bu istiqamətdə öz növbəsində ABŞ tərəfinin də danışıqlar prosesinə dəstək və töhfə verməyə daim hazır olduğunu ifadə edib.