İlham Əliyev Ərdoğana Türkiyə millisini dəstəkləmək üçün Almaniyaya getməsini təklif edib
Mediada Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iyulun 6-da Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməyəcəyi barədə məlumat yayılıb.
“Azerinews.az” APA-ya istinadən xəbər verir ki, iyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan və Türkiyə prezidentlərinin söhbəti zamanı Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Almaniyada futbol üzrə Avropa çempionatının 1/4 mərhələsində Türkiyə millisinin Niderland yığması ilə qarşılaşacağını və Almaniyada milli komandanı dəstəkləmək imkanını nəzərdən keçirdiyini bildirib.
Belə bir təklif səslənib ki, Türkiyə Prezidenti günün birinci yarısı Şuşada tədbirdə iştirak etsin, sonra isə Almaniyaya yollansın. Lakin Prezident İlham Əliyev Türkiyə millisinin 1/4 mərhələyə yüksəlməsinin önəmini, habelə Türkiyə futbolçularının qələbəsinin bütün Türk dünyası üçün əhəmiyyətini xüsusi vurğulayaraq, cənab Ərdoğana Şuşaya deyil, milli komanda ilə bir yerdə olmaq üçün Almaniyaya səfər etməsini təklif edib.
Prezident İlham Əliyev Türkiyənin Şuşa Sammitində vitse-prezident Cevdet Yılmaz və xarici işlər naziri Hakan Fidanla yüksək səviyyədə təmsil olunacağını qeyd edib və cənab Ərdoğandan Türkiyə millisinə salamlarını və xoş arzularını çatdırmağı xahiş edib. Məlumatdan göründüyü kimi, Türkiyə Prezidentinin Şuşa Sammitinə qatılmaması protokol xarakterlidir və bunun da təşəbbüskarı iki qardaş xalq arasında münasibətləri həmişə uca tutan Prezident İlham Əliyev olub.