“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başlayıb
Azərbaycanda təhsilin inkişafına dəstək və yerli telekommunikasiya peşəkarlarının yetişdirilməsi məqsədilə, “Nar” və Azərbaycan Texnologiya Universiteti (ATU) arasında anlaşma memorandumu imzalanıb.
Anlaşma memorandumu Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universiteti (ATU) və mobil operator “Nar”ın birgə təlim, tədbir, konfrans və xüsusi görüşlər keçirməsini nəzərdə tutur. Memorandumun məqsədi texniki ixtisaslar üzrə təhsil alan tələbələrin peşə hazırlığının yüksəldilməsidir. Bu əməkdaşlıq çərçivəsində “Nar”ın peşəkar texniki heyəti öz nəzəri və praktiki biliklərini universitetin tələbələri ilə bölüşəcək, eləcə də, tələbələr “Nar”ın ixtisaslarına uyğun departamentlərində təcrübə keçərək gələcək karyeraları üçün əvəzsiz üstünlük əldə edəcək.
Yeni əməkdaşlıqla dair “Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke əsas məqsədlərinin Azərbaycanda yerli rabitə peşəkarlarını yetişdirmək olduğunu bildirib: ““Nar” olaraq, üstün xidmətlərimizin məhz yerli mütəxəssislər tərəfindən təqdim olunmağı bizim üçün çox mühümdür. Bununla yanaşı, niyyətimiz azərbaycanlı mütəxəssisləri qlobal bazar üçün də tələb olunan peşəkarlar kimi yetişdirməkdir.”
ATU rektoru Yaşar Ömərov “Nar”la əməkdaşlığın ilk növbədə tələbələr üçün faydalı olduğunu vurğulayıb: “Çox şadam ki, “Nar” bizimlə əməkdaşlığa başlayır. Əminəm ki, “Nar”ın peşəkar heyətinin zəngin təcrübəsi tələbələrimizin də bir mütəxəssis kimi yetişmələrində müstəsnə rolu olacaq. Çünki müasir dünya tələbələrdən təhsil aldığı dönəmdə təcrübi biliklərə də sahib olmalarını tələb edir.”
Qeyd edək ki, KSM strategiyasının təhsilə dəstək istiqamətinə uyğun olaraq, “Nar” daha öncə Azərbaycan Texniki Universiteti (AzTU) və Naxçıvan Dövlət Universitet (NDU) ilə də birgə layihələr həyata keçirib. “Nar”ın dəstəyi ilə AzTU-da Azərbaycanda ilk və yeganə öz mobil şəbəkəsi olan “Nar” GSM laboratoriyası fəaliyyət göstərir.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.