Bu şəxslərə 1380 manat ödəniş edilir
“Azərbaycanda tətbiq edilən birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ödənişin verilməsidir”.
“Azerinews.az” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, bu müavinətin qanunla təsdiq edilməsinə baxmayaraq, monitorinqlər göstərir ki, bu ödənişlərdən istifadə edənlərin sayı çox deyil:
“Halbuki, bu cəza çəkmədən azad olunan vətəndaşlar üçün müavinət almaq üçün vacib imkandır. Müavinət cəza çəkmədən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilir. Bu zaman qanunvericilikdə müəyyən edilmiş əsaslarla, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərə penitensiar müəssisələr tərəfindən verilən arayış əsasında ödəniş həyata keçirilir.
Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misli məbləğindədir. Yəni, həmin şəxslərə 1380 manat ödənilir Müraciət kifayət qədər sadədir. Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, cəza çəkmədən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı və məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarı təqdim olunmaqla müavinətin alınmasını rəsmilləşdirmək mümkündür.
Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.
Bu hüququ olan amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni, vətəndaşımız cəza çəkmədən son 3 ildə azad edilibsə və müraciət etməyibsə, o halda indi də bu ödənişi almaq hüququna malikdir”.