Masazır sakinlərinin həllini tapmayan avtobus problemi
Abşeron rayon Masazır qəsəbəsindən Bakı istiqamətinə yalnız bir marşrut xəttinin fəaliyyət göstərməsi sakinlər üçün çətinlik yaradır.
“Azerinews.az” “Xəzərxəbər”ə istinadən xəbər verir ki, minlərlə əhalinin yaşadığı qəsəbəyə yalnız 525 saylı marşrut avtobusu işləyir. Sərnişinlərin sözlərinə görə, bu xətdə olan avtobuslar köhnəldiyindən tez-tez yolda qalır. Üstəlik, avtobusların sayı sərnişinlərin sayına adekvat deyil. Sürücülər isə yeni avtobusların nə vaxt veriləcəyini bilmirlər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, Masazır qəsəbəsi - “Memar Əcəmi” metrostansiyası istiqaməti üzrə hərəkət edən 525 nömrəli marşrut xəttində 17 avtobus 8 dəqiqə intervalla sərnişinlərə xidmət göstərir.
Qeyd olunub ki, marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması ehtimal edilir. Yəni, gələcəkdə Masazır qəsəbəsinə işləyən bu avtobusların dəyişdirilməsi plandadır.
Onu da qeyd edək ki, Bakıda və paytaxt ətrafında fəaliyyət göstərən, demək olar ki, bütün marşrut xətləri müsabiqəyə çıxarılsa da, 525 saylı xətt hələ də müsabiqəyə çıxarılmayıb.