Ruzgar  Baratzadə ölümü əbədi bir bir yuxu deyil, ölümsüzlüyün başlanğıcıdır

1-02-2024, 08:00 87 dəfə baxılıb

 Ölüm sevinməsin qoy

Ömrünü vermir bada

Ömrünü bada vermədi Ruzgar müəllim. Hədər olmayan ömrün hər səhifəsini dəyərləndirdi. Ömür kitabından hər açılan vərəq  tələbə, mütəxəssis yetişdirdi.

Sevərək yaşayanlar

Sevilərək ölənlər

Sevərək yaşadı, bəli. Sevilərək də öldü. Əslində, ölmədi əbədiyyətə qovuşdu, yaddaşlara hopdu, xatirələrə həkk oldu, əlinin istiliyi, biliyi, zəkası kitablara möhürləndi.

Sevdi-həyatı sevdi, yaşamağı sevdi, peşəsini- müəllimliyi sevdi, tələbələrini sevdi.

Düsturlar, dioqramlar həyat planına, yaşamaq qayəsinə çevrildi. Riyaziyyatla yaşadı, nəfəs aldı.

Baratzadə Ruzgar Zülfiqar oğlu 1950-ci ildə qədim mədəniyyət diyarımız Gəncədə dünyaya göz açdı.  Taleyini də doğulduğu şəhərə bağladı. Orta təhsilini, ali təhsilini Gəncə şəhərində aldı. 1972-ci ildə GDU-nun Riyaziyyat fakültəsini bitirdi. 1992-ci ildə   “Elastik-plastik konstruksiya elementlərinin mürəkkəb yüklənmədə dayanıqlıq məsələsi”  mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi.

1977-ci ildən ADAU-nun  Ali riyaziyyat kafedrasında assistent

1989-1992-ci illərdə ADAU-nun Ali riyaziyyat kafedrasında baş müəllim

1992-2001- ci illərdə ADAU-nun Ali riyaziyyat kafedrasında dosent əvəzi

2001-2009-cu illərdə ADAU-nun Ali riyaziyyat kafedrasının müdiri

2018-ci ildə Fizika və riyaziyyat kafedrasında dosent

vəzifəsində çalışmışdır.

35 elmi əsərin, o cümlədən, 2 dərs vəsaiti , 16 elmi məqalə, 16 proqram, 2 metodik vəsaitin müəllifi olmuş, beynəlxalq seminar, simpozium və konfranslarda canından çox sevdiyi ölkəsini, canıyla, ruhuyla bağlı olduğu doğma şəhərini təmsil etmişdir.

72 il ömrə bu qədər nailiyyət, məsuliyyət, uğur sığdırmaq hər adama nəsib olmur. Ruzgar müəllim cəmi 72 il yaşasa da,  elə də uzun olmayan ömrünə böyük əmək, əzm sığdırdı. Gecələri yazı masasının üstündə mürgüləyib, günə kitablarla , tələbələrlə başladı. ölməzlik qazandı, həmişəyaşar oldu.

“Həyat beşiklə məzar arasındakı sınaq müddətidir”

Elmi imtahanlar kimi həyat imtahanından da uğurla çıxdı Baratzadə Ruzgar. Qohum, dost, vətəndaş, yoldaş, Allahına bəndə, kimsəsizə dayaq, köməksizə kömək oldu.  İçindəki ziyalı işığı  təkcə öz evini deyil, elini işıqlandırdı, neçə-neçə gəncə mayak oldu, yol göstərdi. Auditoriyada müəllim, auditoriyadankənar dost, həmdəm oldu tələbələrinə. Hər gəncə özəl yanaşmaqla onları kəşf edib, düzgün istiqamətləndirib Azərbaycan elminə töhfələr verdi.

Müəllimlik kimi şərəfli peşəni məsuliyyətlə, həddən-ziyadə diqqət və əzmlə daşıdı. Müəllim adına layiq oldu. Sözün əsl mənasında müəllim oldu, ömrünün sonunacan yüksələn xətlə nüfuzunu qoruyub saxladı. Peşəsinə sədaqət müəllim nüfuzunun qiymətini artırır. Ruzgar müəllim son nəfəsinədək sadiq qaldı peşəsinə.

Gözünün nuru,beyninin ziyası, ürəyinin istisi ilə ömrünün sonuna kimi nəsil-nəsil  tələbələr yetişdirdi.

Qədim yunan filosofu Sokrat deyib “Alimin biliyi o, təvazökar olanda üzə çıxır”. Ruzgar müəllim məhz belə bir ömür yaşayıb. Yersiz tərifdən həmişə qaçıb.

 "Qocaman palıdın sonrakı ömrünü onun dibindən çıxan pöhrələr yaşadır”.

Bacarıqlı elm təşkilatçısı, yorulmayan tədqiqatçı, unudulmayan müəllim, əsl ziyalı idi Baratzadə Ruzgar.

Özündən sonrakı nəsil üçün böyük nəzəri irs, tədqiqatçılıq səriştəsi, silinməz izlər qoyan Ruzigar müəllim cild-cild sanballı tədqiqat əsərləri ilə riyaziyyat elmində  özünə əbədi heykəl ucaltmışdır. Riyaziyyat elminin dünəni, bugünü və sabahı ilə maraqlanan hər kəs Ruzgar müəllimi minnətdarlıqla xatırlayacaq.

Ruzgar Baratzadə  ölümü əbədi bir yuxu deyil, ölümsüzlüyünün başlanğıcıdır.

 Baratzadə Ruzgar müəllim heç vaxt ölməyəcək, o, daim qəlblərdə, düşünən beyinlərdə, riyazi təfəkkürlərdə, auditoriyalarda,  riyaziyyat elminin nəzəriyyələrində yaşayacaq.

Fevralın 1-i Ruzgar müəllimin əbədi həyata qovuşmasından, ölümsüzlüyünün başlanğıcından iki il ötür.  Yeriniz behişt, torpağınız pərqu olsun , Ruzgar müəllim. 

 

                                                                                                                                                                Elida Laçın 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930