Gəncədə M.Ə.Rəsulzadənin 140 illik yubileyi keçirilir
Gəncədə M.Ə.Rəsulzadənin 140 illik yubileyi keçirilir.
Gəncə şəhərində böyük öndər, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyi qeyd olunub. Dəmiryolçular parkında yerləşən büstün qarşısında təşkil olunan tədbirdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların Gəncə şöbələrinin üzvləri, ictimai-siyasi təşkilatlar, vətəndaş cəmiyyətinin nümayəndələri, şəhər sakinləri iştirak etmişlər. Çıxış edənlər görkəmli dövlət xadiminin Azərbaycanın müstəqilliyi uğrunda yorulmaz fəaliyyətindən, AXC dövründə aparılan sosial-siyasi islahatlardan söz açıblar.
Ümid partiyası Gəncə təşkilatının sədri Salman İmanlı: "Rəsulzadə o dövr üçün siyasi cəhətdən çox çətin bir şəraitdə dövlət qurdu. Ordusunun, milli təhsil sisteminin olmadığı, hətta əhalisinin milli şüurunun hələ tam formalaşmadığı bir cəmiyyətdə müstəqil dövlət yaratmaq həqiqətən də böyük siyasi bacarıq tələb edir. Dövlət başçısının da qeyd etdiyi kimi, bu günkü müstəqil Azərbaycan o dövrkü Xalq Cümhuriyyətinin varisidir. Və bu gün biz Rəsulzadənin 140 illik yubileyini Qarabağlı Azərbaycanda qeyd edirik".
AMİP Gəncə təşkilatının sədri Eldar Aslanlı: "M.Ə.Rəsulzadə və digər qurucu babalarımız çətin bir şəraitdə nəinki dövlət yaratdılar, eyni zamanda beynəlxalq aləmdə tanınmasına da nail oldular. Ölkə başçısı cənab İlham Əliyevin 140 illik yuileylə bağlı imzaladığı sərəncam isə Rusiya kimi dövlətin siyasi dairələrində qıcıq doğurur. Ancaq bizi iradəmizdən heç kim döndərə bilməz".
Tədbirdə büstün önünə tər çiçəklər düzülüb, böyük dövlət xadiminin ruhuna dualar oxunub.
Qeyd edək ki, bu il yanvar ayının 31-də AXC-nin qurucusu M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur. Ölkə başçısı cənab İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.
Aqşin Əsgərov: Bölgə müxbiri