Gəncədə qürur, minnət və birlik ruhu
8 Noyabr – xalqımızın tarixinə qızıl hərflərlə yazılmış, Azərbaycan Ordusunun və qəhrəman oğullarımızın misilsiz igidliyi nəticəsində qazanılmış Zəfər Günündə, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin sədri Samir Məmmədovun rəhbərliyi altında birlik üzvləri, idarə heyəti, qazilər və şəhid ailələri bu əlamətdar günü böyük coşğu, fərəh və dərin ehtiramla qeyd ediblər.
Tədbir çərçivəsində Samir Məmmədovun təşkilatçılığı ilə şəhidlərimizin əziz xatirəsinə ucaldılmış məzarlar ziyarət olunub, onların ruhuna dualar oxunub, məzarlıqda gül-çiçəklər düzülüb. Şəhid ailələri ilə səmimi görüşlər keçirilib, onların qayğı və problemləri dinlənilib, bu ailələrin hər zaman dövlət və ictimaiyyətin diqqətində olduqları bir daha vurğulanıb.
Görüş zamanı Samir Məmmədov, Zəfər Gününün təkcə qələbə bayramı deyil, həm də milli birliyin, Vətənə sədaqətin və şəhidlərin ruhuna ehtiramın təcəssümü olduğunu qeyd edərək, qazilərimizin qəhrəmanlığının bu günümüzün azadlığı və sabahımızın güvənci olduğunu xüsusi vurğulayıb. Onun rəhbərliyi və təşəbbüsü sayəsində bu tədbir təkcə formal qeyd etmə deyil, dərin mənəvi məzmun daşıyan, insanları birliyə, həmrəyliyə və vətənpərvərliyə səsləyən bir mərasimə çevrilib.


Səmimi atmosferdə keçən görüşdə qazilər öz döyüş xatirələrini bölüşüb, Vətən uğrunda canından keçən silahdaşlarını minnətdarlıqla yad ediblər. Samir Məmmədov isə onların hər birinin göstərdiyi igidliyin gənc nəsil üçün örnək olduğunu bildirib və ictimai birlik adından şəhid ailələrinə və qazilərə daima dəstək olmağın onun əsas mənəvi borcu olduğunu ifadə edib.
Bu möhtəşəm gün bir daha göstərdi ki, Azərbaycan xalqı öz qəhrəman övladlarını heç vaxt unutmur, onların ruhu qarşısında baş əyir və qazandığımız Zəfəri daim qorumağa, gələcək nəsillərə ötürməyə sadiq qalır.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: