Balabanı dünyaya sevdirən adam - Əlixan Səmədov
Azərbaycan dünyaya mədəniyyəti, incəsənəti, xüsusilə musiqisi ilə səs salan, sevilən ölkələrdəndir. Milli musiqimizin ən vacib atributu isə onun özümüzə məxsus alətlərlə ifasıdır. Təbii ki, burada ifa və ifaçı ən başlıca amildir. Bizim isə elə ifaçılarımız var ki, tək alətin səsi ilə bütün bəşəri hisslərə toxuna bilir. Belə sənətçilərimizdən biri də Azərbaycanın Xalq artisti, balaban ifaçısı Əlixan Səmədovdur.
"Azerinews.az" “Balabanı dünyaya sevdirən adam” olaraq tanınan Əlixan Səmədovun qonağı olub.
Artıq uzun illərdir İstanbulda yaşayan Əlixan Səmədov uşaqlıq illərindən başlayaraq həyat hekayəsini bizimlə bölüşüb. Musiqi aləti ilə ilk tanışlığından danışan sənətkar deyir: “Hələ uşaq ikən, heç məktəbə də getmirdim məhəlləmizdə kim harada musiqi aləti tapsa, bilmirəm, nədənsə mənə gətirirdi. Heç özüm də başa düşmürdüm necə, amma bu alətlərdə ifa edə bilirdim. Bir gün atam nağara alıb evə gətirmişdi. Biz beş uşaq idik. Böyük qardaşımdan başlayaraq hamımız sıra ilə nağaranı çalacaqdıq. Lakin mənə çatanda nağara partladı. Sonra atam yenisini aldı, amma bu dəfə nağara mənə də çatdı və az çox bir şeylər ifa edə bildim. Daha sonra atam qarmon alıb gətirmişdi. Bizi musiqiyə cəlb etmək istəyirdi. Qarmon mənə daha da maraqlı gəldi və yenə bir şeylər çala bildim. Həvəsim heç keçmirdi. Qonşumuz var idi, müəllim, Azad Salamov. O, mənə qarmon dərsləri verməyə başladı. Bundan sonra Sumqayıtdakı Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinə daxil oldum və qarmonu sinifdə hamıdan yaxşı çalırdım. Lakin mənim üçün ən cazibəli alət qaboy idi. Televizorda Kamil Cəlilov ifa edərkən yuxuda da olsam mütləq durub onu izləməli idim. Qaboyun səsi mənə o qədər cazibədar gəlirdi ki, televizorun qarşısında dayanıb Kamil Cəlilovun əllərini izləyirdim. Sonra Sumqayıt şəhər 1 nömrəli musiqi məktəbinə getdim. Orada qarmon bölməsinin olmadığını dedilər. Qaboy var idi, mən də onu seçdim. Müəllimim bu bölməyə girməyimi məsləhət görməsə də beş illik məktəbi iki ilə bitirdim. Həyatımda qaboyu ilk dəfə yaxından müəllimin əlində görmüşdüm. Sinifdə beş-altı uşaq idik. Gözümü bu alətdən çəkə bilmirdim. Televizorda heyranlıqla izlədiyim o alət artıq qarşımda idi. Müəllimi bayıra çağırdılar və o əlindəki qaboyu pianonun not dəftəri qoyulan yerinə qoydu. Özümü saxlaya bilmədim, əlimə alıb çalmağa başladım. Yerinə qoyduğumda müəllim sinfə gəlib kimin çaldığını soruşdu, Cavab verdim ki, mən idim. Müəllimimin kim olduğunu soruşdu, mən isə həyatımda ilk dəfə qaboyu burda gördüyümü, televizorda Kamil Cəlilova baxıb öyrəndiyimi dedim. İnanmadı. Mənim qaboyum yox idi, atam fəhlə işləyirdi, qaboy isə çox bahalı alət idi. Məktəbin qaboyunu mənə verdilər. Hələ də o qaboy məndədir, uşaqlıq illərimin xatirəsi. Bəzən konsertlərdə o alətlərdə ifa edirəm, çox ifaçının marağını çəkir”.
Təhsilini dəmirçi ixtisası üzrə 7 nömrəli texniki-peşə məktəbində davam etdiyini deyir sənətkar: “Qəribə gəlsə də məhəlləmizdə hamı orda oxuyur deyə mən də o məktəbə daxil oldum. Orada da özüm hazırladığım şeyləri evə gətirirdim, amma anamı bunları mənim elədiyimə inandıra bilmirdim. Sonra əsgər getdim. Ukraynada idim. Orada da bölüm komandiri təyin etdilər. Boyum hamıdan qısa idi, amma hər halda məndə idarəçilik potensialını gördülər. Oradan da 1983-cü ildə Çexoslovakiyaya göndərdilər. Bir il yarım da burada xidmət etdim. Onlar mənə öz istehsalları olan qaboy gətirdilər və burada zabit olaraq hərbi orkestrin tərkibində qalmağımı təklif etdilər. Lakin bilmirəm, nədənsə evə getmək istədiyimi bilirdim. Əsgərlikdə dərzilik də etmişəm, hərbi maşınların brezentlərini də tikmişəm, çox da gözəl alınırdı”,-gülümsəyərək sözlərinə davam edir: “Əsgərlikdən mənə “Tövsiyə məktubu” verdilər. Qayıtdıqda isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ilkin hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsinə daxil oldum. Orada da ansambl qurdum və konsertlər verməyə başladıq. Uşaq vaxtı da ansambl qurub məktəblərdə konsert verirdik. Universiteti bitirdiyimdə artıq sovet ittifaqı dağıldı, əynimizdə isə onların formaları qaldı. 20 Yanvar qətliamından sonra tamamilə o formadan imtina etdim. Ali təhsilimi bitirdikdə öz istəyimlə məni Sumqayıt 5 nömrəli orta məktəbə göndərdilər. Lakin, elə bu ərəfədə, Türkiyəyə getmək qərarına gəldim. Öz xahişimlə ərizə yazıb məktəbdə işimi dondurub gəldim qardaş ölkəyə”.
Türkiyədə fəaliyyətini musiqiçi olaraq başlasa da sonradan şahmat müəllimi kimi tanınan Əlixan Səmədov bu barədə danışır: “Türkiyəyə ilk dəfə dəvətlə, dərnəklərdə tələbə hazırlamaq üçün gəlmişdim. Bir çox bölgədə işlədim və sonda Bodrumda dostlarımla təşkilatçılığa başladım. Qafqaz rəqslərinin də daxil olduğu konsert proqramları hazırlayırdıq. İstanbula gəldiyimdə isə xalq tədris mərkəzlərində musiqi dərsləri verirdim. Şahmata gəlməyim də bir təsadüfün nəticəsi idi. Bir dəfə məktəblərin birində konsertə getmişdik, müdirin otağında çay içirdik və biri içəri girib şahmat müəlliminin gəlmədiyini dedi. Şahmatı bildiyimi bilirdilər və məndən bu dərsi verməyimi istədilər. Elə bu dərsdən sonra da müxtəlif məktəblərdən məni şahmat dərsi verməyə çağırmağa başladılar. Artıq həm musiqi, həm də şahmat dərsləri verirdim. Uşaqları çox sevirdim, onlar da məni. Musiqi dərsi verdiyim məktəblərdən birində, Eyuboğlu Kollecində məktəblərarası şahmat turniri keçirilirdi, mən də orda idim. Kollecin direktoru mənə burada da şahmat dərsi verməyi təklif etdi. Mən isə məktəbdən şahmat üzrə dünya birincisi çıxararaq bu sənətdən ayrılacağımı dedim. İnanmadı, amma elə də oldu. Bundan sonra artıq sərbəst fəaliyyətə başladım”.
Təxminən 18-dən çox alətdə ifa edə bildiyini deyən Əlixan Səmədov bunların içindən niyə məhz balabanı seçdiyi haqqında danışdı: “Tədbirlərdən birində əlimdə balabanı görüb “bu, düdükmüdür?” deyə soruşdular. Balaban olduğunu dediyimdə isə aləti tanımadıqlarını başa düşdüm və o gündən sonra balabanı bütün dünyaya tanıtmağı özümə söz verdim. Türkiyənin bütün tanınmış ifaçılarının kasetlərində mənim ifam var. Kasetlərə dəvət təklifləri gəlməyə başladı və ilk musiqi albomum “Mega plak” şirkəti tərəfindən buraxıldı. O vaxt kaset dövrü idi və şirkət on min kasetin satılmasını hədəfləmişdi. Mən isə on milyon kasetin satılacağını dedim, güldülər. Bilirsiniz, mən dediyim kimi də oldu. Hələ də satılır, xaricilər də çox alıb aparırlar. İstanbulun məşhur İstiqlal Caddesində iki il dayanmadan səhərdən axşama qədər mağazalarda mənim musiqilərim çalınırdı. Turistlər kasetləri toplu alıb aparırdılar və belə də dünyaya yayıldı. Beləliklə radioda istəklər, konsert, ifa dəvətləri gəlməyə başladı. Amma balabanı dünyaya tanıdan Ələkbər Tağıyevin “Sən gəlməz oldun” əsəri oldu. Bəstəkarın oğlu onun bütün əsərlərini mənə verdi, balabana uğun gələnlərini seçdim və ifa etdim”.
İndiyədək Əlixan Səmədov ifalarının yer aldığı 11-dən çox albom işıq üzü görüb.
Balaban ifaçılarının çoxalmasının sevindirici hal olduğunu deyən sənətkar musiqi irsimizin qorunmasının və təbliğinin zəruriliyini vurğulayır: “Mənim üçün vacib olan xalqım, ölkəm üçün bir şey edə bilməkdir. Təbii ki, hər kəs öz əqidəsinə görə yaşayır, amma ad qoymaq böyük işdir. Bu, hər insana nəsib olmur. Qazanıb, yeyib, ölmək, bu yaşamaq deyil. Əsl yaşamaq sən olmadığında adının çəkilməsidir, yada salınmaqdır. Özünün əlindən gəlməsə də başqasına dəstək olmaqla da ad qoya bilərsən, yetər ki, buna niyyətin olsun”.
Artıq sadəcə musiqi ilə məşğul olduğunu deyən sənətkar evində qurduğu studiyası və uzun illərin xatirələri ilə bizi tanış etdi. Bu otaqdakı, Əlixan Səmədova aid əşyalar, kitablar, şəkillər sanki insanı başqa aləmə aparır. Burada həm də vaxtilə onun Kamil Cəlilova olan heyranlığı ilə bir daha tanış olduq. Hazırda ən böyük arzusunun Bakıda balaban məktəbi açmaq olduğunu deyən ifaçı bunu Azərbaycanın milli alətinin, sənətin yaşaması üçün etmək istədiyini deyir: “Mən həyatı plan qurmadan yaşayıram. Tale məni Türkiyəyə gətirdi. Burada yetişdirdiyim insanlar var ki, artıq onların da öz tələbələri var. Türkiyədə balaban sənətinin toxumlarını əkmişəm, o yayılıb çoxalacaq. Azərbaycanda da 10-20 nəfər yetişdirmək istəyirdim. Bundan sonra həqiqi balabanın nə olduğunu insanlar başa düşəcək. Düzdür, Azərbaycanda yaxşı balaban ifaçılarımız var. Lakin mən Bakıda bir ev ala bilsəm oranı məhz balaban məktəbinə çevirəcəyəm. Bölgələrimizi də gəzib öyrətmək istəyirəm. Çünki, mən balabanın nələrə qadir olduğunu özüm göstərmək istəyirəm. Hələ ki, bu, arzu olaraq qalır”.
Qeyd edək ki, Əlixan Səmədovun ifasında ən son musiqi, azərbaycanlı bəstəkar Abuzər Manafzadənin “Xocalıya” əsəri dekabrın 25-də dünyanın bütün musiqi platformalarında yayımlanacaq.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: