Səməni "həyat və əbədiyyət çiçəyi” hesab olunub
Səməni sözü mənşəyinə görə Sem/Som kökündən törəmişdir. Doluluq, saflıq bildirir. Monqol dilində isə söz semen şəklindədir. Monqolcada sem gizlilik, sirr mənaları daşıyır. Som/Soma sözü türk dilində özündə qürur, şərəf və iz, işarə kimi mənaları da ehtiva edir.
Qədim Azərbaycanda "həyat və əbədiyyət çiçəyi” hesab edilmiş səm (səmən) çiçəyi təbiətin başlandığını göstərdiyinə və bir sıra təbii-müalicə xüsusiyyətlərinə görə müqəddəs hesab edilmişdir.Qədim azərbaycanlı səmi, yazın başlanması, təbiətin "dirilməsi” simvolu olmaq mənasında "həyat və əbədiyyət” çiçəyi adlandırmış, onun özünün, çubuqlarının, şirəsinin və ondan hazırlanmış xüsusi "xörəyin” ömür uzatmaq qabiliyyətinə malik olduğuna etiqad etmişdir.Bu çiçəyin, doğrudan da, insan ömrünü uzatmaq qabiliyyətinə malik olması barədəki etiqad nəğmənin bu misralarında yaşamaqdadır:
Səməni, saxla məni,
İldə göyərdərəm səni”.
İndi süfrəmizə bəzək kimi qoyulan səməni bütün dünyada həyat və sağlamlıq rəmzi kimi məşhurdur. Səməni həm də nəsilartırma, müqəddəslik rəmzidir. Səməni həlimi, suyu, müxtəlif xəstəliklərin müalicəsində istifadə edilir.
Başım, dişim ağrımasın,
Ağrılarım yarımasın,
Düşmənlərim qarımasın.
Cancığazım üzülməsin,
Gözlərimə süzülməsin.
Səməni, ay səməni
Göyərdərəm mən səni.
Səməni, can səməni,
Gözlərimə işıq ver,
İşıq ver, yaraşıq ver.
Dizimə taqət gəlsin,
Qoluma qüvvət gəlsin.
Yazda könül şad olur,
Damağımda dad olur,
Qada, illət yad olur,
Səməni, ay səməni
Göyərdərəm mən səni.
Novruz bayramı süfrəsinə qoymaq üçün əsasən "Səməni”, yaxud "Suman” halvası bişirilir...
Keçmişdə səməninin istər əzilib şirəsinin çıxarılmasında, istərsə də bişirilməsində bütün el iştirak edirdi. Buna qatılan un da bir evdən deyil, iştirak edən bütün evlərdən yığılır. Səməninin içərisinə sındırılmış badam, bu mümkün olmadığı təqdirdə isə, sındırılmış fındıq salırlar. Hər evə verilən paya bundan da mütləq bir dənə salınmalıdır. Lakin bir adət olaraq bunu yeməzlər, gələn il səməni vaxtına qədər saxlayarlar. Xalq buna xeyir-bərəkət gətirən bir amil kimi baxır.
Artıq qatılaşmağa üz qoyan səməni qaynamağa başlayanda dənəciklər atır ki, buna səməninin fındıq atması deyirlər. Bu zaman səməni bişirən qoca qarı ona fındıq, yaxud badam salır. Mərasim də bu zaman başlanır. Qadınlar dəstə ilə səməni qazanının başına dolanıb yallı gedib və səs-səs verib oxuyurlar:
Səməni, saxla məni,
İldə göyərdərəm səni.
Səməniyə saldım badam,
Qoymurlar bir barmaq dadam
Səməni bezanə gəlmişəm,
Uzana-uzana gəlmişəm.
Səməniyə həsr olunmuş Azərbaycanın milli rəqsi də mövcuddur. Səməni ən qədim rəqslərdən biridir, daha doğrusu, rəqsdən daha çox baharın gəlməsinə həsr edilmiş ənənəvi şənlikdir. "Səməni"ni yalnız qadınlar və qızlar oynayırlar. Söz mətni ilə muşayiət olunur. "Səməni" rəqsi Azərbaycanın hər yerində oynanılır.