Arzularının çiçək tumurcuğu həyatın amansızlığına vaxtsız tuş gəldi, Mehdi!

16-03-2024, 00:30 512 dəfə baxılıb

 

Bəzən arzuların çiçək tumurcuğu həyatın amansızlığına vaxtsız tuş gəlir. Bu arzuların qanadlarında sınmış ümidlər cənnətin isti qucağına üz tutanda ləçək-ləçək göz yaşlarına dönən talelər Tanrı dərgahına əl açır. Ancaq heyiflər olsun ki, Tanrı yaratdığı insana ayırdığı ömür payından əlavə pay vermir.

Heç bir ümmət öz əcəlini qabaqlaya, nə də yubada bilər. Qucağına sığındığımız qəribəliklərlə dolu həyat. Qalın bir meşəyə bənzəyir. Uzaqdan baxanda çox gözəl görünür. İçərisinə girəndə isə adama sıxıntı gətirir. Bu sıxıntılı həyatın qəribə qanunları var. Bəxtin ağlı-qaralı günləri onu naxışladıqca daha da nazlanır, xatirə lövhəsinə öz yazılmamış qanunlarını həkk edir. Hər dəfə bu lövhələri seyr etdikcə zərbə almaqdan gözü qorxmuş adam kimi bəzən hislərimizin əzablarına qoşulur, onu qorumaq üçün əlimizdən gələni edirik. Lakin bəzən elə, elə çarəsiz qalırıq ki...

Mən isə bilirəm ki, yolun o başında sevimli qardaşım – Mehdi  məni gözləyir... Hələ ki, bu dünyada öz missiyamı həyata keçirirəm... Sonra görüşəcəyik...

 Ölümü də mənim üçün adiləşdirən 44 yaşında amansız xəstəliyin qurbanı olan Mehdi qardaşımdır

Allah sənə rəhmət eləsin, Mehdi Qurbanov! Sənin yoxluğun  başsız qoyub getdiyin ailəni, dostlarını, iş yoldaşlarını, sadəcə tanıyıb ən azı bircə dəfə salam verdiyin adamları necə də sızım-sızım sızıldadır...

Əsl dostluğun etalonu saydığımız, etibarda, sədaqətdə tayı-bərabəri olmayan, uzun illər  yaxın mütəmadi bir yerdə olduğum,  uşaqlıq dostum Mehdi əsl dostluğa örnək ola biləcək insan idi.

 Hər sözü, hər kəliməsi, baxışı, duruşu  qəlbimin başını göyüm-göyüm göynədir

Ay etibarsız, adamı bu qədər yandırıb-yaxan  ölümü hardan tapdın? Hardan??? Neyləyək indi, Mehdi? Sənsiz dəstəmizin səfi də pozulub. Sənsiz yediyimiz-içdiyimizin tamı da qaçıb. Günlərimiz mənasızlaşıb, dostlarımız fağırlaşıb. Düz 365 gündür yoxsan. Canından-qanından artıq sevdiyin övladlarını, hər an qayğısını çəkdiyin vəfalı ömür-gün yoldaşını, başına pərvanə kimi fırlanan iş yoldaşlarını–yanlarında hər an rahatlıq tapdığın dostlarını niyə belə boynubükük qoyub getdin?

Mehdi ilə uzun illər dostluq etmişəm

 O, 8 avqust 1979 cu ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur.  Ali təhsilini Gəncə Dövlət Universitetinin Tarix fakültəsində almışdır. 2003- cü ildən 2008- ci ilədək özəl şirkətdə menecer kimi fəaliyyətə başlamışdır. 2008- ci ildə Gəncə şəhər Kəpəz rayon İcra hakimiyyətində (inspektor, baş inspektor, ərazi nümayəndəsi) müxtəlif vəzifələrdə çalışmışdır. İşlədiyi müddətdə şəhərin ictimai həyatında və quruculuq- abadlıq işlərində fəal iştirakına görə Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə fəxri fərmanla təltif olunmuşdur.

Ölüm heç sənə yaraşmadı, Mehdi!

Ölüm heç sənə yaraşmadı, Mehdi. Deyəcəksiniz ki, ölümün də yaraşanımı olur? Bəli, fikrimcə, ölümün də yaraşanı olur. Və biz fanilər nə özümüzə, nə də yaxından tanıdığımız, gündəlik ünsiyyətdə olduğumuz, sevdiyimiz insanlara yaraşdırırıq ölümü.

2019- cu ildə geri dönüşü olmayan  xroniki böyrək çatışmazlığı xəstəliyinə qəfil yaxalandı. O vəziyyətindən xəbər tutanda artıq xəstəliyinin 3-cü mərhələsində idi. Bu müddətdə bir çox ağır müalicələr alsa da, sonunda 2021- ci ildə dialez aparatına istəmədən məhkum oldu. 2023- cü ilin mart ayının 16-da gözlərini dünyaya əbədi yumdu.

 İnsan bu fani dünyanı tərk eləməyə məhkumdur və bu da hər şeyin sonu demək deyil...

Ancaq buna baxmayaraq, onun ölümü ilə barışmaq, buna dözmək çox çətindir. İndi də mənə elə gəlir o, sağdır.

 Hərdən onu da düşünürəm ki, qanqalların çiçəklərə göz açdırmadığı bu acımasız zəmanədə Mehdi kimi pak insana, bəlkə də yaşamaq çətin oldu.

 Həyat belədir... Hər saniyə ölümlə üzbəüz

Ağrı və əzabla dolu yol. Bu çınqıllı, daşlı-kəsəkli, dünyanın ən ağır yolunu getməyə məcbursan. Gedirsən, çiynində dərd yükü, ürəyində ölümüylə barışa bilmədiyin əzizlərinin ölüm kabusu.

Mehdinin gedişi  bir daha insan oğluna ölümün varlığını, əcəlin hər an kürəyimizdə dolaşan isti nəfəsini xatırladır. Yaşından, statusundan, tutduğu mövqedən, maddi durumundan asılı olmayaraq, ölüm hər kəs üçün var və  bir gün gələcək. Əsas olan odur ki, bu həyatı bizə verilən vaxt ərzində tam mənasıyla yaşamağı və yaşatmağı bacaraq.

Mehdi elə yaşadı ki,  doğulmağına  sevinənlər gedişinə ürəkdən ağlayırlar...

Mehdinin  ən yaxın dostlarından biri kimi onun itkisi bütün qohumları, doğmaları kimi məni də yandırıb-yaxdı. Çünki  sevincimizi, kədərimizi birgə yaşayar, dərd-sərimizi birlikdə bölərdik. Onun tükənməz səbri, böyük təmkini, sağlam məntiqi, düşünülmüş hərəkətləri və özünəməxsus xarakter-xasiyyəti məni heyran edər və hərdən də çılğınlığımın üstünə su səpərdi.

Yara yiyəsini ağrıtdığı kimi, ən yaxın və istəkli dostumun itkisi də bütün qohumları və dostları kimi, məni də çox ağrıtdı. Amma neyləməli? Allah verən canı Ondan savayı heç kim ala bilməz. Ulu Tanrıdan ən yaxın dostuma və sirdaşıma qəni-qəni rəhmət və doğmalarına səbr diləyirəm.

Allah onun yerini behişt, canını cənnətlik eləsin! Amin.

 

Arif Baratzadə

Baş redaktor

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930