Kamil Zeynallı dələduzluq işi ilə bağlı məhkəmədə ifadə verib
İdmançı Kamil Zeynallı və başqalarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Azerinews.az" xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi Kamil Zeynallı ifadə verib. Kamil Zeynallı təqsirləndirilən şəxsə 20 min manat pul verdiyini deyib: "Emil nə danışırsa, yalan danışır. Camaatı aldadıb, pulunu ələ keçirib. Ona 20 min vermişəm. Ancaq 7 min manatlıq iş görüb. Mənə 13 min manat ziyan dəyib. Ona görə də ondan şikayətçiyəm".
Daha sonra təqsirləndirilən şəxs Kamil Zeynallını tanıdıqdan sonra biznesində çöküş yaşadığını deyib: "Kamil Zeynallı digər zərərçəkmişləri mənə qarşı öyrədir".
Daha sonra məhkəmədə digər zərərçəkmiş şəxslər ifadə verib.
Proses aprelin 22-də davam etdiriləcək.
Qeyd edək ki, Emil Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Onun ev tikintisi ilə məşğul olduğu bildirilir.
İttihamda göstərilib ki, təqsirləndirilən şəxs Emil Ağayev etibardan sui-istifadə edərək Ceyhun Baloğlanovun 58 min manatını, idmançı Kamil Zeynallının 20 min manatını mənimsəyib. Təqsirləndirilən şəxs eyni üsulla Vasif Yusifova qarşı 53 min manatlıq dələduzluq edib. E. Ağayev iş üzrə ümumilikdə 7 nəfərə qarşı 300 min manatlıq dələduzluqda ittiham olunur. O, zərərçəkmişlərə ev tikmək üçün söz versə də, sonradan yığılan məbləği mənimsəyib.