Raziyyat Əliyevanı (Razi) döyməklə gündəmə gələn iş adamının ittihamı ağırlaşdırılıb
Bakıda model sevgilisi Raziyyat Əliyevanı (Razi) döyməklə gündəmə gələn iş adamı, hazırda həbsdə olan Ziya Hüseynzadənin ittihamı ağırlaşdırılıb.
“azernews”un əldə etdiyi məlumata görə, Z.Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin ümumilikdə 7 maddəsi üzrə ittiham elan edilib.
Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək məhkəmə prosesində Z.Hüseynzadə məcəllənin 127.2.2 (Qəsdən sağlamlığa az ağır zərər vurma-xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə), 133.2.6 (Əzab vermə-işgəncə ilə törədildikdə), 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 177.3.2 (Oğurluq-külli miqdarda ziyan vurmaqla), 182.3.2 (Hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə), 186.2.1 (Əmlakı qəsdən məhv etmə-zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla) və 221.1-ci (Xuliqanlıq) maddələri ilə təqsirləndiriləcək.
Cinayət işi üzrə 3 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Bunlar Raziyyat Əliyeva ilə yanaşı, onun anası və daha bir qadındır.
İttihamda qeyd edilib ki, Z.Hüseynzadə R.Əliyeva ilə münasibətlərinin pozulmasından sonra onu dəfələrlə döyərək xəsarətlər yetirib. Yaşadığı evdə başını ardıcıl olaraq döşəməyə çırparaq işgəncə verib. Həmçinin yaşadığı 13-cü mərtəbədəki mənzilin pəncərəsinin qarşısına gətirərək onu yerə atmaqla hədələyib.
Bundan başqa Ziya Hüseynzadə Raziyyat Əliyevaya məxsus olan 185 000 manat dəyərindəki “Mercedes” markalı avtomobili təhvil verməsini hədə-qorxu ilə tələb edib. Modelin Türkiyəyə getməsindən sonra isə həmin avtomobilin yerini müəyyən edərək evakuatorla yaşadığı bağ evinə aparıb. Burada maşını zədələyərək 94 000 manatlıq ziyan vurub.
Qeyd edək ki, bir müddət öncə “Miss Azerbaijan” müsabiqəsinin qalibi, bloqer Raziyyat Əliyeva döyülməsi və sosial şəbəkələrdə naməlum şəxslərin onunla bağlı videolar paylaşması ilə əlaqədar polisə müraciət edib. Bu videolarda Ziya adlı şəxs onu xəyanət etməkdə ittiham edib. R.Əliyeva görüntülərlə bağlı ictimaiyyətə və polisə müraciət edərək şiddətə məruz qaldığını bildirib.
Aparılan araşdırmalardan sonra Z.Hüseynzadə barəsində cinayət işi başlanılıb və o həbs edilib.