Şimal bölgəsindən olan çağırışçılara ŞAD XƏBƏR - FOTO

30-04-2024, 15:04 88 dəfə baxılıb

 

İlkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin regional xəstəxanada aparılması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən birgə pilot layihənin icrasına başlanılır.

"Azerinews.az" xəbər verir ki, 6 may 2024-cü il tarixindən etibarən Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları üzrə ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlar Quba Rayon Mərkəzi Xəstəxanasında (RMX) tibbi müayinədən keçəcəklər.

Bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev razılaşma sənədi imzalayıblar. Layihənin əsas məqsədi tibbi müayinələrin aparılması işinin mərkəzləşdirilməsi və yaxın məsafədə tibbi xidmətin əlçatanlığını, eləcə də vətəndaş məmnunluğunu təmin etməkdir.

Vətəndaşların qəbulu və əyani olaraq tibbi yoxlamanın aparılması Quba şəhəri, Fətəli Xan küçəsi 42 ünvanında yerləşən Quba RMX-də həyata keçiriləcək. Bu məqsədlə ayrılan müayinə otaqları bütün lazımi avadanlıqlarla təchiz edilib.

Xəstəxana həftə içi hər gün, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Tibbi baxış zamanı çağırışçılar cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixoloq və zərurət olduqda digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən müayinə ediləcəklər.

Məlumat üçün bildirək ki, müddətli həqiqi hərbi xidmətə çağırılanların, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət almış vətəndaşların ambulator və ya stasionar tibbi müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır. Ətraflı məlumat üçün agentliyin “1542”, TƏBİB-in “815” və Dövlət Xidmətinin “9100” Çağrı Mərkəzlərinə müraciət etmək olar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 sentyabr tarixli 2317 nömrəli Fərmanına əsasən 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı sıradankənar həqiqi hərbi xidmətə yararlılıq, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi, dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930