Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun...
Əziz oxucularımız, yəqin ki, Gəncə şəhərində 33 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlarla və məktəbin dərnək rəhbəri Günel Baratzadənin günahsız və səbəbsiz yerə məktəb direktoru tərəfindən izahat yazmağa məcbur edilməsi haqqında saytımızda dərc olunan yazını xatırlayırsız.
33 saylı məktəbdə dərnək rəhbəri kimi çaışan və bütün enerji və sağlamlığını bu yolda xərcləmiş, öz vəsaiti hesabına onlarla tədbir həyata keçirmiş Günel xanım redaksiyamıza müraciət etdi. Təbii ki, müraciətə baxdıqdan sonra, redaksiyamız tərəfindən kiçik araşdırma başladı, həmçinin Günel xanımın redaksiyaya ünvanladığı video görüntülərdə və şəkillərdə həqiqətən Günel Baratzadənin məktəbə can yandırdığı, başqa məktəbdən və qəsəbədən gələn uşaqların , hətta yol xərclərini verərək onları evlərinə yola saldığı açıq-aşkar görünür.
Müdirin əlində heç bir tutarlı əsas olmadan işçinin izahat yazmağa israr olunmağı nə dərəcədə doğrudur???
Bir Azərbaycan xanımının, məktəbin fəal işçilərindən birinin günahsız yerə öz həmcinsi tərəfindən incidilməsi özbaşınalıq deyil, nədir bəs?
Gücü başına gələnləri mətbuata sızdırmağa çatan Günel Baratzadə müdirəsi Elmira Talıbovanın qəzəbinə düçar olub.
Əziz Elmira xanım, mətbuatın qınaq qamçısından ehtiyat edən kəs qanunla işləməli, kollektivi incitməməlidir.
Cəmiyyətdə mövcud problemlərin həlli yollarına fərqli yanaşmalar həmişə mövcud olub. Həmin amillərdən biri ictimai qınaqdır. Media ictimai mənəviyyata uyğun olmayan məsələləri tənqid edir.
Günel Baratzadənin şikayəti əsasında redaksiyamız Elmira Talıbovanı ictimai qınaq obyektinə çəkərək, üzərinə düşən vəzifəni həyata keçirib.
Elmira xanım neçə illərin işbirliyinin üstündən qara xətt çəkərək, Günel Baratzadəni məhkəməyə verib.
İddia ərizəsində qeyd olunduğuna görə, Günel Baratzadə Elmira Talıbovanın şərəf və ləyaqətini alçaldıb. Lakin qeyd olunan yazıda Elmira Talıbovanın şərəf və ləyaqəti deyil, qüsurlu fəaliyyəti tənqid olunub. Fəaliyyətindəki nöqsanlar Günel xanımın göndərdiyi fakt və sübutlarla aşkar olunaraq, qınaq obyektinə çevrilib.
Bununla qəzəbi sakitləşməyən Elmira xanım Günel xanımın başına gələnləri işıqlandıran “Zirveyolu.info”, “Azerinews.az” saytlarının təsisçisi Oktay Azaflını da məhkəməyə verib.
Oqtay Azaflı hansı günahına görə məhkəmədə cavab verəcək, bax bu müəmmalı sualdır.
Media haqqında qanunda əksini tapan maddəyə diqqət edək:
5.1. Azərbaycan Respublikasında media azaddır.
5.3. Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.
Mətbuat IV hakimiyyətdir və dördüncü hakimiyyət vəzifəsini yerinə yetirməlidir.
Şəffaflığın hökm sürdüyü heç bir qurumun, dövlət və özəl sektorun ismi mətbuatın tənqid qələminə tuş gəlmir.
Əksər problemlərin mətbuat vasitəsilə həllini tapması heç kimə sirr deyil. Hər sahədə təbliğat maşını hesab edilən mətbuatın rolu, təbii ki, danılmazdır.
Media cəmiyyətin, ictimaiyyətin güzgüsüdür. Orda əks olunan yaxşı və pis nə varsa olduğu kimi, heç bir mübaliğəyə varmadan, obyektiv, bitərəf əksi təmin olunur. Mətbuat ehtiyac olduqda tənqid də yazmalıdır.
Qayıdaq Günel Baratzadənin şikayəti əsasında saytımızda dərc olunan yazıya , yazı şər və böhtan xarakterli yazılmayıb. Məktəbdə incidilən potensiallı işçinin şikayəti və redaksiyamızın Günel xanımın fəaliyyətini araşdırıb, qiymətləndirməsi əsasında yazılıb.
Heç kimə sirr deyil ki, müəyyən sahələrdə sistem halında kök salmış qüsurları , yanlış iş üslubunu açıb göstərən yazılar geniş rəğbət və oxucu kütləsi qazanır. Həmin yazıda hər bir oxucu öz problemini görür və onun həlli yolunu axtarır.
H. B.Zərdabi yazırdı ki, “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun...
Yaxşı-yamanlığın aşkar eləsin, xalqın hər bir dərdi və xahişi o qəzetdə çap olunsun ki, o qəzetə baxan xalqı aynada görən kimi görsün”.
Redaksiyamız da xalqın dərdini və Azərbaycan xanımının xahişini nəzərə alaraq, problemi işıqlandırıb. Təhsil bizim həssas, zəif nöqtəmizdir. Azərbaycan gəncliyinin gələcəyi ilə oynayan kimsə, təbii ki, tənqiddən yayına bilməz.
Müasir dövrümüzdə ənənəvi media qəzetlər yerini elektron mediyaya saytlara, sosial şəbəkələrə ötürüb. Elektron medianında işi H. B.Zərdabinin söylədiyi kimi ölkəsinin aynası olmaqdır.
Bizim işimiz nöqsanları açıb göstərmək, tənqid qələmimizlə cəmiyyəti maarifləndirməkdir.
Oktay Azaflı saytların təsisçisidir, hal-hazırda saytların fəaliyyətini kənardan izləyir.
Saytlarda dərc olunan yazı və xəbərlərə görə məsuliyyət daşımır.
Elmira Talıbovanın hansı iddia ilə Oktay Azaflını məhkəməyə verməsi maraqlıdır.
Heç bir şəxsi tanışlığı olmadığı, ismi ilə məhkəməyə çağırış məktubunda tanış olduğu xanım tərəfindən məhkəməyə niyə və hansı səbəblə verilməsi təsisçinin özünə də qaranlıqdır.