Özgəsinə umac ovmayan Elmira Talıbova özünə əriştə kəsir
Təəssüflər olsun ki, respublikamızın bəzi rayonlarında fəaliyyət göstərən təhsil ocaqlarına təyin edilmiş və yaxud etdirilmiş məktəb direktorları həyata keçirilən təhsil islahatlarını var qüvvələri ilə əngəlləməyə hələ də israrla davam edirlər.
Gəncə şəhər 33 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı həmin məktəbin dərnək rəhbəri Günel Baratzadənin müraciəti əsasında araşdırmaya başladıq.
Araşdırmamız nəticəsində məlum oldu ki, məktəb direktoru Elmira Talıbovanın qanunsuz əməlləri, nəinki Gəncə təhsilinin, Azərbaycan təhsilinin üz qarasıdır.
Məktəblə bazarı səhv salan müdirə xanımın alveri intensivliyini qoruyub saxlayır.
Burda mən, Bağdadda kor xəlifə
Yaşı 65 həndəvərində olan, təqaüd yaşına çatan və artıq idarəçilik potensialı tükənmiş Elmira öz kreslosundan ikiəlli yapışması gənc kadrların önünə sipər çəkib. Halbuki, bu məktəbə daha gənc və perspektivli bir şəxs rəhbərlik etsə, bu, tədrisin keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, direktorun pul qarşılığında ətrafına topladığı savadız, təcrübəsiz işçilərin tədricən yeni və layiqli kadrlarla əvəzlənməsi nəticəsində məktəbdə savadlı müəllimlər üçün də yeni perspektiv açmış olar.
Məktəb direktoru pedoqoji kollektivdə yaxşı müəllim kimi tanınmalıdır ki, onun müəllimlərdən yüksək səviyyəli iş tələb etməyə mənəvi haqqı olsun.
Məktəbi bazara çevirən, hamının müqəddəs saydığı təhsil ocağına gəlir mənbəyi kimi baxan müdirə hansı yüksək səviyyəli işi, keyfiyyətli dərsin təşkilini tələb edə bilər. Qocaman müdirənin kollektivdən yeganə tələbi maddiyyatdır.
Elmira Talıbovanın müdir təyinatından sonra, onun rəhbərlik etdiyi sahədə qol qoyduğu maxinasiyalardan biri də, təhsil ocağındakı vakant yerləri gizlətməsi olub.
Məktəbdə adı gedən xadimələri hələ məktəbin həyətində görən olmayıb. Xalq arasındakı deyimlə “ölü can”lardır. Onlar staj xatirinə pul verərək işə girirlər.
Məktəbin laborantı və Elmira Talıbovanın ticarət etdiyi digər müəllimlər saat 4-ə kimi dərsləri olsa da saat 1 olmamış məktəbi tərk edirlər. Laborant saat 1-dən məktəblə xudahafizləşib kursa əlavə gəlir əldə etməyə yollanır.
Xanım Talıbova onunla ticarət etmədiyinə görə məktəbin dərnək rəhbəri Günel Baratzadəni qaralayır. Qanunları rus dilində əzbər bilib, azərbaycan dilində tətbiq edə bilməyən Elmira Talıbova Günel xanımın əmək dərsindən uşaqları çıxararaq çəkiliş etməyə apardığını irad tutaraq, izahat yazıb məktəbdən ayrılmasını tələb edir.
Günel Baratzadə “Yaşıl dünya naminə həmrəy olaq” adlı tədbir keçirmək üçün video rolik hazırlamaq məqsədilə əmək dərsindən uşaqları beş dəqiqə ayırıb. Bu fürsəti dəyərləndirən “qanun keşikçisi” Elmira Talıbova sinifləri yoxlamağa təşrif buyurur. Öz gözündə tiri görməyən müdirə xanım dərnək rəhbərində tük axtarır. 9, 10, 11- ci sinif şagirdləri məktəbə gəlmədiyi halda, başqa məktəblərin şagirdlərini siniflərdə oturdub davamiyyəti təmin edən Elmira Talıbovanın bu əməli ilə qanun pozulmur, Günel xanımın əmək dərsindən bir neçə şagirdi icazəylə çıxarması dərnək rəhbərini izahat yazmağa məcbur edir.
Pulunu ver, şəkil çəkdir
Məktəbin bütün tədbirlərinə can qoyan, hər bir şagirdə doğma övladı kimi yanaşan Günel xanıma Elmira Talıbova ögeylik göstərir. Guya Günel xanım uşaqları dərsdən ayırırmış.
Araşdırmamız nəticəsində o da məlum oldu ki, məktəbin 9-11-ci sinif şagirdləri ümumiyyətlə məktəbin yolunu tanımırlar. Valideynlər müdirə Talıbovayla sövdələşdikdən sonra uşaqlarını repetitor yanına göndərməyi daha məqsədəuyğun bilirlər. Necə deyərlər pulunu ver, şəkil çəkdir.
65 yaşlı qocaman Talıbovanı maraqlandıran Azərbaycan təhsili, gənclərin gələcəyi deyil, öz şəxsi rifahı, çiçəklənən biznesidir.
Təbii ki, yol verilən rüşvətxorluq və korrupsiya əməlləri yetişməkdə olan gənc nəslin mənəviyyatına da ağır zərbələr vurur.
Aşıq gördüyünü çağırar
Aydındır ki, bir milləti məhv etmək üçün onun elmini, təhsilini məhv etmək kifayətdir. Elmira Talıbova qəsdinə dayanıb Azərbaycan təhsilinin.
Müdirliyini korrupsiya məngənəsində sıxaraq saxlaması, hər kəsə bəlli olan həqiqətdir. Məhz, onun belə bir addımlarının nəticəsidir ki, bu gün rayonda bərk gedən adamlardan biridir.
Xanımın maxinasiyaları təkcə belə bir addımları ilə yekunlaşmır. Çünki, o, vəzifəsinin icraasına başladığı ilk vaxtlardan özünə yaxın bildiyi şəxsləri irəli çəkdi, onlara əlaltılıq həvalə etdi. Bu zaman onun güddüyü məqamlar, düşündüyü anlar o olur ki, mümkün qədər maxinasiyalara qol qoymaq və onların səs-sorağının ətrafa yayılmasının qarşısını almaq .
Bütün qanunsuz əməllərə səssiz məktəb divarları bir də əlaltıları şahidlik edir.
Qanunsuzluq, ədalətsizlik, ən sevdikləri müəllimələrinin günahsız yerə qurban getdiyi isə şagirdlərin gözləri önündə cərəyan edir. 33 saylı Gəncə şəhər məktəbində müdirə şagirdlərə qanunsuzluq və ədalətsizlik aşılayır.
Elmira Talıbova, Aşıq gördüyünü çağırar. Yetişən gəncliyin təfəkkürünə çürük toxumlar səpməklə, Siz xalqa xəyanət edirsiz.
Kimya müəlliminin həqiqi kimyagərliyi
Məlumata görə, Elmira Talıbova ixtisasca kimya müəlliməsidir və uzun illərdir 33 saylı məktəbə rəhbərlik edir.
Elmira xanım M. Fətəli Axundovun “Hekayəti-Molla İbrahimxəlil kimyagər əsəri ilə bəlkə də, tanışdır. O dövrdə İbrahimxəlilin “möcüzəsinin işığına” yığılanlar, indi Elmira Talıbovaya yaltaqlıq edib, həqiqi kimyagərin ətrafına toplaşıblar.
Özgəsinə umac ovmayan Elmira Talıbova özünə əriştə kəsir
Elmira xanımın məktəb direktorluğuna təyinatı, ilk vaxtlarda kimlərdəsə ümid hissi yaradırdısa, artıq bu gün olub-qalan ümidlər yox olmaq üzrədir.
Yuxarıda qeyd etdiyimiz kimi, 65 yaşını başa vurmağa az zamanı qalan Elmira xanım fürsət bu fürsət deyib, qazanc dairəsini genişləndirir. Dərnək rəhbəri, məktəbin ən zəhmətkeş, məhsuldar işçilərindən olan Günel Baratzadəni çıxarıb yerini satışa çıxarmaq niyyətindədir.
Talıbova Elmira üçün ilin bütün rübləri birinci rübdür. İlin ortasında musiqi dərnəyinin rəhbərini çıxarıb yerini başqa adama satır. Musiqi müəlliməsini isə məktəbə laborant təyin edir.
İkinci iş yeri olan Hərbi hazırlıq müəllimindən şirinlik alaraq ilin ortasında cədvəli dəyişərək özbaşınalıq edir. Məktəbdə atını hər tərəfə çapan Elmira xanımın çaparı Bakı küçələrinə də gəlib çatır. Gəncədə yığdığı pullarla Bakıda qızına özəl bağça açmağa müvəffəq olur.
Özgəsinə umac ovmayan Elmira Talıbova özünə əriştə kəsir.
Xanım Talıbovanın ziyalı xarakterindən xeyli uzaq olması heçmi nəzərə çarpmayıb?
Zamanın hər bir kəsimində dövlətin və millətin inkişafında təhsilin müstəsna xidməti olub.
Elə təhsil sahəsində Elmira Talıbova kimi təhsilə can yandırmayan insanların rəhbər vəzifələrdə çalışmasıdır ki, bu gün Azərbaycan təhsilinin "anası ağlayır".
Mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı Elmira xanımın yaşamaq prinsipidir.
33 saylı Gəncə şəhər məktəbində şagirdlərin 11 il ərzində ən çox eşitdikləri söz "pul" olub. "Süpürgə pulu", "təmir pulu", "bayram pulu", "müəllimlər gününə hədiyyə", "8 Mart pulu" və s. Şagirdin cibinə girən əllərdən biridir müdirə qadın. Azərbaycanın cahil cəmiyyətini formalaşdıran, kitabdan uzaq gənclik yetişdirənlərdən sadəcə biridir.
“Rəngbərəng” sözünü düzgün tələffüz edə bilməyən,azərbaycan dilinin dərinliyinə vara bilməyib, varvarizmlərin axınına məruz qoyan Elmira Talıbovaya hansı meyarlara görə təhsil ocağı həvalə edilməsi beyinlərdə xeyli sual yaradır. Yüzlərlə şagirdə, müəllim heyətinə rəhbərlik edən şəxsin ziyalı xarakterindən xeyli uzaq olması heçmi nəzərə çarpmayıb?