Bayramı ən yüksək səviyyədə, böyük ruh yüksəkliyi ilə qeyd etmək Azərbaycan polisinin halal haqqıdır
Azərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyinin tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdi, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdi.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkə polisinin fəaliyyətini tənzimləmək üçün bu prinsipləri hədəf kimi müəyyənləşdirmişdi: intellektual səviyyəni yüksəltmək, peşəkarlığın dünya standartları səviyyəsinə çatdırılmasına nail olmaq, dünyanın qabaqcıl ölkələrinin müvafiq orqanlarının istifadə etdiyi ən müasir texnologiyalara yiyələnmək və Vətənə, dövlətə sadiqolmaq. Bugün Azərbaycan polisi bu hədəflərə doğru uğurları genişləndirməklə irəliləyir. Ali Baş Komandan İlham Əliyevin müasir çağırışlara uyğun müəyyənləşdirdiyi yeni vəzifələri dönmədən, hədəfdən yayınmadan, sadiqliklə icra edir. Təbii ki, bu taleyüklü məsələlərin həllində nazirliyin rəhbərliyinin və şəxsən nazirin yüksək dövləti məsuliyyəti, peşəkarlığı, dövlətə və dövlətçiliyə tamsədaqətlə xidməti həlledici amillərdəndir. Həlledici anlarda həlledici qərarların qəbulu və icrası isə zaman-zaman Azərbaycanı bir çox silkələnmələrdən xilas etdi. İndi onlar artıq tarixin səhifələridir. Ölkə polisi isə özünün keşməkeşli və şərəfli tarixinə yeni, parlaq səhifələr yazır. İyulun 2-də Azərbaycan polisinin 106 yaşı tamam olur. Bugün sənin, mənim, onun, geniş ictimaiyyətin, milyonların sevə-sevə qeyd etdiyi bayramlardan biridir.
Bugün Azərbaycan polisi Qarabağın hər bir guşəsində, vaxtı ilə işğal olunmuş rayonlarımızın hər yerində xidmət edir. Onların ataları, əmiləri, dayıları zamanında erməni-daşnak seperatizminə, işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı ön cəbhədə vuruşublar. O vaxt düşmənə qarşı sipər olan, xalqın ümid yeri elə Azərbaycan polisi olub. DİO əməkdaşlarının Birinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaəti onların xələfləri 44 günlük Zəfər savaşında misli ilə nümayiş etdirdilər. Şübhəsiz, Azərbaycan polisinin ad günündə Şuşada, Xankəndində, Xocalıda, Ağdərədə və işğaldan azad edilən bütün yaşayış məntəqələrində xidməti borcunu yerinə yetirən polis əməkdaşları ata və babalarının şəhid ruhuna dualar oxuyacaq, müqəddəs məkanları ziyarət edəcəklər. Bayramı doğma Qarabağda, Ermənistanla bütün sərhədboyu ərazilərdə qeyd etməyin ayrı bir şərəfi, ayrı bir qüruru var. Bu qürur və şərəfə Azərbaycan polisi layiqdir. Bayramı ən yüksək səviyyədə, böyük ruh yüksəkliyi ilə qeyd etmək Azərbaycan polisinin halal haqqıdır. Bu həm də ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycanın bayramıdır.
Bayramınız mübarək olsun!
Samir Məmmədov
Vətən Müharibəsi Əlillərinə Kömək
İctimai birliyinin Gəncə Regional Mərkəzinin sədri