Venesuela ABŞ-ni təyyarəsini oğurlamaqda ittiham edir
Venesuela hökuməti ABŞ və Argentinanı “Aerocargos del Sur” aviaşirkətinin “Boeing 747-300” təyyarəsini oğurlamaqda ittiham edib.
“Azerinews.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Venesuela XİN yayıb.
Nazirliyin məlumatına görə, ölkə təyyarənin geri qaytarılması üçün bütün tədbirləri görəcək.
Bildirilir ki, sözügedən ölkələr mülki aeronavtikanı tənzimləyən bütün qaydaları, eləcə də “Aerocargos del Sur” şirkətinin kommersiya, mülki və siyasi hüquqlarını pozaraq, regionda hava əlaqəsinin təhlükəsizliyini təhlükə altına alıb: “Venesuela hökuməti ədalət bərpa etmək və təyyarənin öz qanuni sahibinə qaytarılmasına nail olmaq üçün bütün tədbirləri görəcək”.
Xatırladaq ki, Venesuela şirkətinə məxsus təyyarə 2022-ci il iyunun əvvəlində yanacaq doldurmaq üçün yerə endikdən sonra Argentinada saxlanılıb. Ölkə ABŞ-nin tələbi ilə təyyarəni yanacaqla təmin etməkdən imtina edib. Belə ki, ABŞ öz növbəsində aviaşirkəti terror təşkilatları üçün silah daşınması ilə bağlı sanksiyaları pozmaqda ittiham edib. Bu zaman Argentina məhkəməsi təyyarənin ekipajına ölkəni tərk etməyi qadağan edib. Onların terror qruplaşmaları ilə əlaqəsinin olub-olmaması araşdırıldıqdan sonra sərbəst buraxılıblar. Təyyarəyə isə ABŞ-nin təkidi ilə Argentina rəhbərliyi tərəfindən həbs qoyulub. Cari ilin yanvarın əvvəlində isə Argentina məhkəməsi ABŞ tərəfinin təyyarənin ölkəyə aparılması ilə bağlı tələbini təmin edib və “Boeing 747-300” fevralın 12-si ABŞ-yə aparılıb.