Fransa Ermənistana silah göndərdi - Hərbçilərə təlim keçəcək
Fransa bu gün Ermənistana yeni silahlar təhvil verəcək.
"Azerinews.az" ın məlumatına görə, bu barədə "Le Figaro" qəzeti yazıb.
Bildirilir ki, 2023-cü ilin oktyabrında Fransa və Ermənistan arasında hava hücumundan müdafiə sistemləri ilə bağlı niyyət məktubu imzalanıb. Sazişə əsasən, Fransa Ermənistana üç ədəd "Thales" şirkəti tərəfindən istehsal edilən "Ground Master" (GM200) radarı və "Safran" şirkəti tərəfindən istehsal olunan gecəgörmə qurğuları tədarük edəcək. Tədarüklərin bu gün həyata keçiriləcəyi bildirilir.
Məqalədə qeyd olunur ki, Fransa hərbçiləri, həmçinin Ermənistan ordusuna bu il üç dağ döyüş hazırlığı kursu təşkil edəcək.
Bundan başqa, Fransanın MBDA raket sistemləri istehsalçısı ilə Ermənistana "Mistral" hava hücumundan müdafiə sistemlərinin tədarükü barədə saziş imzalanıb.
Qeyd edək ki, Fransanın müdafiə naziri Sebastyan Lekornunun başçılıq etdiyi nümayəndə heyəti yaxın vaxtlarda Ermənistana səfər edəcək. Səfər zamanı Ermənistan hərbçilərinin hava hücumundan müdafiə sahəsində hazırlığı, zirehli texnikakarın tədarükü müzakirə olunacaq.
Naziri Fransanın silah şirkətlərinin nümayəndələri və deputatlar müşayiət edəcək. Səfərin dəqiq tarixi açıqlanmayıb.
Fevralın 21-də Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron arasında görüş keçirilir. Onlar Parisdə ikitərəfli gündəliyi və Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər.
“Prezident Emmanuel Makronla gözəl görüş keçirdim və erməni-fransa dostluğunun dərinləşdirilməsi, ikitərəfli gündəliyimizi genişləndirmək və gücləndirmək, Ermənistan və Aİ arasında yaxınlaşma, eləcə də Cənubi Qafqazda təhlükəsizlik vəziyyəti ilə bağlı məhsuldar müzakirələr apardım”, - Paşinyan sosial şəbəkəsində yazıb.