Həmkarı Orbanın Ukrayna ilə bağlı qərarını dəstəkləyib
Slovakiyanın Baş naziri Robert Fiço macar həmkarı Viktor Orbanın Ukraynaya yardımla bağlı qərara qoyduğunu vetonu dəstəkləyib.
“azerinews.az” xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.
Burada söhbət 4 il müddətinə Ukraynaya 50 milyard avro maliyyə yardımının ayrılmasından gedir.
Belə ki, Orban Fiço ilə birgə mətbuat konfransında bildirib ki, Ukrayna üçün istənilən maliyyə aləti Avropa İttifaqı büdcəsindən ayrı olmalıdır: “Aİ büdcəsindən 4 il müddətinə 50 milyard avronun verilməsi ittifaqın suverenliyinin və milli maraqlarının pozulmasıdır”.
Fiçonun sözlərinə görə isə, Slovakiya Macarıstanı dəstəkləyir və Orbanın Aİ büdcəsinin dəyişdirilməsi ilə bağlı narazılığı qanunidir: “Slovakiya rəhbərliyi Macarıstanın Baş nazirinin irəli sürdüyü və sürəcəyi təklifləri dəstəkləyəcək”.
Xatırladaq ki, bundan əvvəl Avropa Komissiyası 2024-2027-ci illər üçün Ukraynaya 50 milyard avro ayrılmasını təklif edib. Aİ ölkələrinin liderləri bu təşəbbüsü ötən il dekabrın 14-15-i keçirilən sammitdə nəzərdən keçirsə də, Macarıstan bu qərara veto qoyub. Sözügedən məsələ Aİ-nin fevralın 1-i baş tutacaq sammitindən müzakirə ediləcək. Lakin Orban bu məsələyə veto qoyacağını bildirib.