Pakistanda “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”nun təqdimatı - Fotolar
Pakistan Milli Assambleyasında Vətən müharibəsində qazanılan Şanlı Qələbəyə həsr edilən, Bakı Şəhər İcra Hakimiyyəti və AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının urdu dilində nəşrinin təqdimatı keçirilib.
“Azerinews.az” xəbər verir ki, tədbirdə Pakistan Milli Assambleyasının vitse-spikeri Syed Ghulam Mustafa Şah, federal nazirlər, senatorlar, diplomatlar, media və QHT nümayəndələri, eləcə də bu ölkədə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər.
Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və “Qurani-Kərim”dən duaların oxunması ilə başlayıb. Sonra Azərbaycan və Pakistanın dövlət himnləri səsləndirilib və Vətən müharibəsinə həsr edilən videoçarx nümayiş etdirilib.
Səfir vurğulayıb ki, Pakistan münaqişə dövründən bu günədək Azərbaycanın ədalətli mövqeyini bütün platformalarda dəstəkləyib. O, kitabın urdu dilinə tərcüməsinin Pakistan ictimaiyyətinə Azərbaycanın Vətən müharibəsi tarixi ilə yaxından tanış olmaq imkanı verəcəyini bildirib.
Daha sonra Pakistan Milli Assambleyasının vitse-spikeri Syed Ghulam Mustafa Şah və Türkiyə Respublikasının Pakistandakı səfiri İrfan Nəziroğlu çıxış edərək 2020-ci il Qələbəsini və qardaş ölkələrin Azərbaycana həmrəyliyini vurğulayıblar.
Sonda kitabın nüsxələri iştirakçılara, Pakistan Milli Assambleyasının kitabxanasına, eləcə də ölkənin beyin mərkəzləri, kitabxanaları və ali təhsil ocaqlarına təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: