Azərbaycandakı növbədənkənar prezident seçkisi Peru mətbuatında - FOTO
Peru Jurnalistlər Federasiyasının internet səhifəsində, həmçinin Perunun nüfuzlu mətbu orqanlarından olan “La Razon” xəbər portalında bu günlərdə Azərbaycanda səfərdə olan məşhur perulu jurnalist Rikardo Sançesin müəllifliyi ilə ölkəmizdə keçirilən növbədənkənar prezident seçkisi barədə geniş məqalələr dərc olunub.
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Məqalələrdə seçkinin Qarabağ regionu daxil olmaqla bütün ölkə ərazisində keçirilməsi ilə əlamətdar olduğu, beş milyona yaxın insanın 6 537 seçki məntəqəsində səs verdiyi, eləcə də bu məqsədlə Azərbaycanın xaricdəki 37 diplomatik nümayəndəliyində seçki məntəqələrinin yaradıldığı qeyd olunur.
Müharibədən sonra Qarabağa qayıdan minlərlə məcburi köçkünün ilk dəfə səsvermədə iştirak etdiyini vurğulayan müəllif, seçkinin 300-ə yaxın xarici KİV nümayəndəsi tərəfindən işıqlandırıldığını bildirir.
Qeyd olunur ki, Qarabağdakı 30 illik erməni işğalına son qoyan şanlı qələbənin memarı olaraq Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin seçicilərin 92%-dən çox səsini toplayaraq növbəti yeddi illik müddətə bu vəzifəyə seçilməsi xalqın rəhbərinə olan etimadından xəbər verir.
Nəticələrin açıqlanması ilə birlikdə Azərbaycan Prezidentinin digər ölkələrin dövlət və hökumət başçılarının təbriklərini qəbul etməyə başladığı, ölkə ərazisində isə bayram əhval-ruhiyyəsinin hökm sürdüyü və prezidentə dəstək yürüşlərinin keçirildiyi bildirilir.
Həmçinin, seçkinin xalqın sabitliyi, iqtisadi inkişafı, demokratik institutların möhkəmlənməsini qarşısına hədəf qoyan ölkə rəhbərliyinə olan yüksək etimadını təsdiqlədiyi və Azərbaycanın öz tarixində yeni səhifə açaraq firavanlığa doğru daha bir addım atdığı diqqətə çatdırılır.