Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsi barədə qəbul edilmiş qərarın Azərbaycanın növbəti tarixi uğuru olduğunu vurğulayıb. Nazir qeyd edib ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri hesab olunan COP29-un Azərbaycanda keçirilməsi cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daim artan beynəlxalq nüfuzundan, qüdrətindən xəbər verir. O, ölkəmizdə təşkil olunmuş digər beynəlxalq səviyyəli tədbirlər kimi bu mötəbər tədbirin də uğurla keçiriləcəyinə əminliyini ifadə edib.
Sonra nazir COP29-la bağlı ölkəmizə gələcək çoxsaylı qonaqların, tədbir keçiriləcək, eləcə də qonaqların yerləşəcəyi məkanların və ətraf ərazilərin aidiyyəti təhlükəsizlik məsələlərinin yüksək səviyyədə həll edilməsinin zəruriliyini bildirib. Bu məqsədlə FHN-də yaradılmış və Nazirliyin peşəkar əməkdaşlarından ibarət Qərargahın fəaliyyətini qeyd edib, qarşıda duran vəzifələrdən danışıb.
Daha sonra COP29-a hazırlıqla bağlı aidiyyəti təhlükəsizlik məsələlərinin həllinə dair Qərargah üzvlərinin görülmüş işlərlə əlaqədar məruzələri dinlənilib, geniş müzakirə aparılıb.
Müşavirəyə yekun vuran nazir Kəmaləddən Heydərov ölkəmizdə keçiriləcək nüfuzlu beynəlxalq tədbirlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün tapşırıqlarını verib.