Parlament seçkiləri azad, şəffaf, ədalətli keçirilib - Ombudsman
Bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərdə aparılmış müşahidələrin nəticələrini açıqlayarkən bildirib.
Müvəkkil seçkilər zamanı müşahidələrin bütün ölkə üzrə yaradılmış seçki məntəqələrində aparıldığını, təşkil edilmiş məntəqələrdə vətəndaşların seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazımi şəraitin yaradıldığının müşahidə olunduğunu diqqətə çatdırıb.
Açıqlamada bildirilib ki, əvvəlki illərdəki müsbət təcrübə nəzərə alınaraq, Müvəkkil, Ombudsman təsisatının və Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının ümumilikdə 72 nəfər əməkdaşı parlamentə növbədənkənar seçkilərdə müşahidəçi qismində respublika üzrə 117 seçki dairəsinin 897 seçki məntəqəsində - Bakıda və ölkəmizin digər 42 şəhər-rayonlarında və muxtar respublikada müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidələr aparıblar. Müşahidələr, həmçinin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində, Heydər Əliyev adına Hərbi İnstitutda və 16 penitensiar müəssisədə təşkil olunmuş seçki məntəqələrində də aparılıb.
Qeyd olunub ki, müşahidələr zamanı Ombudsman məntəqə seçki komissiyalarının üzvləri, müşahidəçilər və seçicilərlə bilavasitə görüşüb, səsvermə prosesi ilə bağlı onların rəylərini öyrənib. Pozuntu halları və hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri və polis əməkdaşları tərəfindən müdaxilə müşahidə olunmayıb.
S.Əliyeva siyasi partiyaları, ictimai birlikləri, qeyri-hökumət təşkilatlarını təmsil edən, eləcə də müstəqil və bitərəf olan müşahidəçilərin nizamla, bir-birinə qarşılıqlı hörmət şəraitində bu prosesdə iştirak edərək, öz vəzifələrini səlahiyyətləri çərçivəsində yerinə yetirdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, əlilliyi olan seçicilər üçün həmin hüquqların həyata keçirilməsi ilə bağlı şərait yaradılıb. Seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına hər hansı bir şikayət və müraciət daxil olmayıb.
Milli Məclisə növbədənkənar seçkilər ərəfəsində həyata keçirilmiş fəaliyyət barədə də məlumat verən Müvəkkil Ombudsman təsisatı və Mərkəzi Seçki Komissiyası tərəfindən Bakıda, Gəncədə, Şəkidə, Masallıda, Qubada və Naxçıvanda “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda silsilə maarifləndirmə tədbirlərinin təşkil olunduğunu bildirib. S.Əliyeva seçkilərin təyin olunması haqqında qərarın rəsmi elan edildiyi gündən başlayaraq, yerlərdə seçki təbliğatının aparılması üçün müəyyən olunan açıq və qapalı yerlərdə müşahidələrin aparıldığını, vətəndaşların seçki hüququnun təmini, seçki qanunvericiliyinin tələblərinin icrası vəziyyətinin dəyərləndirildiyini qeyd edib.
Yekunda Müvəkkil Milli Məclisə növbədənkənar seçkilərdə vətəndaşların təməl hüququ olan seçki hüququnun qanunvericiliyə müvafiq olaraq təmin edildiyini diqqətə çatdırıb.