Fransa Ermənistanı növbəti fəlakətə sürükləyir - ŞƏRH

16-09-2024, 19:05 0 dəfə baxılıb

 

Fransa Ermənistanı növbəti fəlakətə sürükləyir - ŞƏRH

İstər 44 günlük müharibə olsun, istərsə də sonrakı illərdə birtərəfli qaydada Ermənistanın yanında duran, ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi 30 il Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə "məşğul" olan Fransa anti-Azərbaycan ritorikanı hələ də davam etdirir. Rəsmi Paris ərazi bütövlüyünü bərpa edən Azərbaycanı hədəfə almaqla yanaşı, qarşı tərəfi silahlandırır, revanşizm əhvali-ruhiyyəsini gücləndirir.

Fransanın start verdiyi anti-Azərbaycan kampaniyası son dövrlərdə daha intensiv xarakter alıb. Təkcə prezident Emmanuel Makron son bir ildə BMT Təhlükəsizlik Şurası platformasında ən azı beş dəfə Azərbaycana qarşı sanksiyaların tətbiq olunması tələbi ilə çıxış edib. Lakin onun bütün cəhdləri uğursuzluqla nəticələndi. Bu fiaskolar Makronun real və praqmatik siyasətdən uzaq, təsadüfi və populist biri olduğu faktını daha da möhkəmləndirir.

Siyasətdən uzaq birinin siyasət yürütməsi isə həm Fransa üçün böyük problemlər yaradır, həm də guya “himayə etdiyi” Ermənistanı bir az da dalana sıxışdırır.

Bütün bunlara baxmayaraq, regionda qarşıdurma yaratmaq məqsədilə Fransa rəsmilərinin Ermənistana səfərləri davam edir. Bu dəfə bu ölkənin xarici işlər naziri Stefan Sejurne İrəvana səfər edib. Səfərin iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə yönəldiyi bildirilsə də, hədəf tamam başqadır; nəyin bahasına olursa-olsun, Ermənistanı Rusiya orbitindən çıxarmaq. Elə nazirin orada verdiyi bəyanatlar da bundan xəbər verir.


O, Ermənistana 29 milyon dollar yardım ayrılacağını dedikdən sonra vəd edib ki, nəyin bahasına olursa-olsun, Ermənistanı Rusiyanın təzyiqlərindən qorumağa çalışacaq. Nazirin sözlərinə görə, bu vəsait Azərbaycan ərazilərini könüllü tərk etmiş ermənilər üçün nəzərdə tutulub. XİN başçısı onu da qeyd edib ki, Fransa və Ermənistan müdafiə sahəsində əməkdaşlıq edəcək. Ardınca bildirib ki, Rusiyanın açıq hədələri və düşmənçiliyinə baxmayaraq, Ermənistan hökumətinə və xalqına dəstək davam edəcək. Onun sözlərinə görə, Ermənistan mərhələ ilə demokratiyaya doğru addımlayır.

Digər diqqətçəkən məsələ odur ki, fransalı nazir Moldovaya da səfər edəcək. Bəllidir ki, bu ölkənin Rusiya ilə münasibətləri gərgin olaraq qalır. Nazir səsləndirdiyi bəyanatda Moldova və Ermənistanın demokratiya və müstəqillik yolunda addımladıqlarını, hər iki ölkənin Avropaya doğru addımlamaq istiqamətində təzyiqlərlə üzləşdiklərini dilə gətirib.

Bir faktı da qeyd edək ki, nazirin səfəri üçün tarix də təsadüfi seçilməyib. Sentyabr ayı Ermənistanın fəlakətlərinin başlandığı ay kimi yadda qalıb. Məhz 2020-ci il Qarabağda azadlıq müharibəsinin başlandığı ay kimi tarixə düşüb. Eləcə də antiterror tədbirləri məhz 2023-cü il sentyabrın 19-20-də başlayıb. Nəticə də bəllidir. İndi fransalı nazir bu səfəri ilə Ermənistana dəstək göstərmək istəyib. Səslənən bəyanatlar da bunu təsdiq edir. O, Ermənistanın tarixi tərəfdaş, dost ölkə kimi Fransanın yanında durduğunu vurğulayıb. Sejurne müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini də xatırladıb.


Erməni mediası nazirin bu səfərindən sonra Fransa prezidenti Emmanuel Makronun da Ermənistanın müstəqillik günündə İrəvana səfər edə biləcəyini ehtimal edib. Erməni KİV-i yazır ki, səfərin məqsədi Ermənistanın suverenliyinə dəstək nümayiş etdirməkdir. Media xatırladır ki, hələ 2021-ci ildə Ermənistanın baş naziri Nikol Paşinyan Parisdə Fransa lideri ilə danışıqlardan sonra həmin il sentyabrın 21-də onu İrəvanda gözlədiyini bildirib. Lakin səfər indiyədək baş tutmayıb. Fransa prezidenti sonuncu dəfə Ermənistana 2018-ci ilin oktyabrında səfər edib və Frankofoniya sammitində iştirak edib.

Səslənən bəyanatlar və mesajlar onu deməyə əsas verir ki, Makron hökumətinin XİN rəhbərinin səfərində əsas məsələ Rusiya ilə bağlıdır. Bu mesajlar Rusiyaya qarşı fəaliyyətin güclənəcəyini göstərir. “Rusiyanın təzyiqləri qarşısında sizin yanınızda olacağıq” bəyanatı, eləcə də separatçıların tör-töküntülərinə dəstək vədi də bunu deməyə əsas verir.


Azərbaycan Fransanın, xüsusilə Makronun cəhdlərinə etibar etmir. Makronun sözügedən səfəri baş tutarsa, Fransanın əsas məqsədi Ermənistanın yanında olduğunu və Azərbaycana təzyiqləri davam etdirdiyini göstərmək olacaq.

Ehtimal etmək olar ki, indi Fransanın Azərbaycana təzyiq göstərmək imkanı yoxdur. Lakin istisna deyil ki, Fransa Ermənistanın BMT-dəki uğursuzluğundan sonra Avropa İttifaqı səviyyəsində Azərbaycana qarşı qərarlar qəbul etdirmək istəyəcək. Ancaq bu ehtimal da sual altındadır. Çünki Azərbaycanın mövqeyinə dəstək verən ölkələr arasında Avropa İttifaqına üzv olanlar da var.

İlk növbədə, onu qeyd etmək lazımdır ki, E.Makronun Ermənistana gözlənilən səfəri Avropada, xüsusilə də Fransada yaşayan erməni lobbisinin təsiri nəticəsində reallaşacaq. Səfərdə məqsəd Qarabağda yerləşən terrorçu qruplaşmaları - qondarma rejim təmsilçilərini gücləndirmək, onların silahlandırılmasını təmin etməkdir.


Bu arada, fransalı nazirlə yanaşı, İrəvana erməni lobbisinin əlaltısı olan Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okampo da gəlib. Qeyd edək ki, bu səfər və keçiriləcək görüşlə bağlı məlumat bir neçə gün əvvəl yayılmışdı. Okampo bir çox məsələ ilə bağlı danışsa da və ermənilərə, necə deyər­lər, canıyananlıq edərək xeyli məsləhətlər versə də, diqqəti əsasən Azərbaycanda se­paratçılıq əməlləri törətdikləri üçün həbs edilmiş xunta rejiminin sabiq “qlavar”ları­nın azad olunmasına yönəldib. Təxminən iki saat davam edən açıq görüşdə argenti­nalı dələduz “beynəlxalq ədalətə nail ol­maq və Artsax ermənilərinin geri qayıtmaq hüququnu təmin etmək üçün” ermənilərin əlində rəhbər tuta biləcəyi “yol xəritəsini” təqdim edib. O, “Erməni hərbi əsirlər” adlan­dırdığı şəxslərin sərbəst buraxılması üçün Azərbaycana təzyiq göstərməyin mümkün yollarından danışıb.

Xaricdəki erməni diasporundan külli miqdarda pul aldığı heç kəsdə şübhə do­ğurmayan Okampo deyib ki, bir neçə ay əvvəl internetdə başlatdığı “erməni məh­buslar”ın azad edilməsi kampaniyası ki­fayət qədər uğurlu olub. “Bu kampaniyanı 32 ölkədən olan ermənilər dəstəklədi, mən ilk dəfə beynəlxalq səviyyədə əməkdaşlıq gördüm”, - deyən sabiq prokurorun sözlə­rinə görə, hərəkata təkcə ermənilər deyil, akademik mühitin, universitetlərin nümayəndələri də qoşulublar.

Beləliklə, görünən odur ki, erməni lobbisinin təşəbbüsü ilə baş tutan bu səfərlərin arxasında ciddi hədəflər güdülür. Əgər birinci hədəf hər vəchlə Ermənistanı Rusiyanın orbitindən çıxarmaqdırsa, ikinci hədəf separatizmi gücləndirmək və İrəvanı yeni münaqişələrə sürükləməkdir.(Report)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031