Azərbaycan BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsi üzrə birgə bəyanatın təşəbbüskarı oldu

21-09-2024, 15:53 0 dəfə baxılıb


Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 57-ci sessiyası çərçivəsində “Mina və müharibənin partlayıcı qalıqlarının insan hüquqlarına təsirlərinə baxılması” adlı birgə bəyanat yayılıb.

Bəyanat Xorvatiyanın nümayəndəsi tərəfindən sənədin təşəbbüskarları qrupu - Albaniya, Azərbaycan, Çili, Mozambik, Panama və Xorvatiya adından səsləndirilib.

“İnkişaf hüququ da daxil olmaqla, bütün insan hüquqlarının, mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqların təşviqi və qorunması” bəndinin müzakirəsi çərçivəsində yayılmış sənəddə qeyd olunur ki, “yerüstü minalar və müharibənin partlayıcı qalıqları geniş insan hüquqları spektri, o cümlədən həyat, sağlamlıq, təhsil, əmək və hərəkət azadlığı hüquqlarına” qarşı həm dərhal, həm də uzunmüddətli mənfi təsirlərə malikdir.

Bundan əlavə, bəyanatda xüsusilə “yerüstü minaların müvəqqəti məcburi köçkünlərin (IDP) təhlükəsiz şəkildə geri dönməsinə də maneə olduğu” vurğulanır. Bununla əlaqədar, bəyanatı imzalayanlar BMT-nin İnsan Hüquqları Şurasına yerüstü minaların və müharibənin partlayıcı qalıqlarının insan hüquqlarına təsiri ilə bağlı məsələlərin həllində mühüm rolun həyata keçirilməsində konkret addımlar atmaqla bağlı müraciət ediblər.

Bəyanatda mina partlaması nəticəsində zərərçəkmişlərin insan hüquqlarının pozulmasına görə məsuliyyətin istifadəçi dövlətlərin üzərinə düşdüyü birmənalı şəkildə qeyd edilir: “Dövlətlərin insan hüquqları sahəsindəki öhdəlikləri minaların istifadəsi və mövcudluğu ilə bağlı problemlərin həlli məsələsində milli və beynəlxalq siyasətlərini müəyyən etməlidir”.

Sənəddə vurğulanır ki, mina xəritələrinin mübadiləsi insan hüquqları sahəsində beynəlxalq hüquqda təsbit olunmuş beynəlxalq əməkdaşlığın ən vacib vəzifələrindən biridir və bu, öz növbəsində BMT Baş katibinin də dediyi kimi, "davamlı sülhün və davamlı inkişafın əsaslarından biridir".

Yayıldığı anda bəyanat Avropa, Afrika, Latın Amerikası və Asiyanı təmsil edən 65 ölkədən ibarət geniş regionlararası qrup tərəfindən dəstəklənərək imzalanıb.

Qeyd edək ki, bu mövzuda birgə bəyanat təşəbbüsü ilk dəfə Azərbaycan Xarici İşlər Nazirliyinin (Xİ) nümayəndəsi tərəfindən iyunun 27-də BMT-nin Cenevrə qərargahında keçirilmiş “Minasız sülhə doğru irəliləmək və qurbanların hüquqlarını bərpa etmək üçün insan hüquqları sistemindən istifadə” konfransı zamanı səsləndirilib.

Bundan başqa, 65 ölkədən ibarət geniş koalisiya tərəfindən dəstəklənmiş sözügedən sənədin hazırlanmasında Azərbaycan diplomatları həmmüəllif qismində çıxış ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930