Qazaxıstanla birgə layihələrin reallaşdırılmasında maraqlıyıq - Prezident
Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə bu ölkənin milli bayramı – Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Məktubunda Azərbaycan xalqı adından ən xoş arzularını çatdıran Prezident İlham Əliyev qeyd edib: “Sizin qardaş Qazaxıstanın hərtərəfli inkişafına yönəlmiş qətiyyətli siyasətiniz və həyata keçirdiyiniz islahatlar nəticəsində ölkəniz mühüm nailiyyətlər və uğurlar əldə etmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır. Qazaxıstana hər səfərimdə çiçəklənən və müasir bir diyara çevrilmiş ölkənizi görməkdən böyük qürur duyuram”.
Xalqlarımızın ortaq tarixi-mədəni köklərindən güc alan, qarşılıqlı inam və dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstan əlaqələrinin və əməkdaşlığının gündən-günə genişlənərək yeni məzmunla zənginləşməsinin məmnunluq doğurduğunu vurğulayan dövlətimizin başçısı əlavə edib: “Qarşılıqlı ali və yüksək səviyyəli səfərlər, müntəzəm təmaslar, müxtəlif sahələrdə imzalanan çoxsaylı sənədlər, həyata keçirdiyimiz birgə layihələr çoxşaxəli əməkdaşlığımızın inkişafında əhəmiyyətli rol oynayır. Bu mənada cari ilin martında Azərbaycana dövlət səfərinizi xüsusi qeyd etmək istərdim”.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan-Qazaxıstan əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə genişləndirilməsi, xalqlarımızın firavanlığı, ölkələrimizin və regionumuzun rifahı naminə əməkdaşlığımızın bütün sahələrdə dərinləşdirilməsi, strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin daha da möhkəmləndirilməsi istiqamətində birgə səylər bundan sonra da uğurla davam etdiriləcək.