78 nəfərin öldüyü otel yanğını ilə bağlı şok detal...
Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Özdəmirin 12 dekabr 2024-cü ildə yanğın yoxlaması müraciətindən sonra Bolu Bələdiyyəsi Xilasetmə İdarəsinin mütəxəssisləri oteldə yoxlama aparıblar:
“Yoxlama nəticəsində otelin yanğın təhlükəsizliyi baxımından uyğun olmadığı barədə akt hazırlanaraq Bolu Bələdiyyəsi Yanğından Mühafizə İdarəsinə təqdim edilib”.
Q.Özdəmir bildirib ki, bir müddət sonra bələdiyyənin məsul işçiləri otelə gələrək yenidən ətraflı baxış keçiriblər:
“Mən C. adlı şəxsdən audit hesabatına mənfi rəy verildiyini öyrəndim. Bundan sonra otelin rəhbəri Əhməd Dəmirə zəng edib vəziyyəti ona başa saldım. Daha sonra Ə.Dəmir Bolu Bələdiyyə sədri Tanju Özcanın Yanğınsöndürmə İdarəsinə rəhbərlik edən əmisi oğlu Sədat Gülənərlə danışıb. S.Gülənər də ona “yoxlamanın ləğv edilməsi üçün ərizə ver” deyib. Biz bu göstəriş əsasında ləğv ərizəsi hazırladıq. Otelin baş direktoru Əmir Arasla da bu məsələləri müzakirə etdim. Ə.Aras da mənə dedi ki, bu nöqsanları aradan qaldırmaq çox baha başa gəlir, əgər yoxlamanı ləğv etmək alınırsa, onu ləğv edək”.
Q.Özdəmirin sözlərinə görə, “Qrand Qartal” oteldə yoxlama aparılması ilə bağlı qərarın ləğvi üçün yazılan ərizə 24 dekabr 2024-cü ildə idarəyə təqdim edilib:
“Cəmi bir gün sonra, Bolu Bələdiyyə sədrinin müavini Sədat Gülənər yanğınsöndürmə idarəsinin otel yoxlamasını ləğv edib”.
Qeyd edək ki, Qartalqaya dağ-xizək kurortunda baş verən dəhşətli yanğınla bağlı aparılan araşdırma çərçivəsində Bolu Bələdiyyə sədrinin müavini Sədat Gülənər, xilasetmə müdirinin müavini Kənan Coşqun və yanğınsöndürən İrfan Acar da həbs edilib. Daha əvvəl isə otelin rəhbəri Əhməd Dəmir saxlanılmışdı.