Fransanın Əlcəzairə davam edən zülmü – etiraf olunmayan nüvə sınağı - ŞƏRH
Faciənin 65 ili
Yeri gəlmişkən, Fransanın tarixdə törətdiyi ən böyük faciələrdən biri də müstəmləkəsi olduğu yerlərdə soyqırımılarla yanaşı, nüvə sınaqları keçirməsi və bununla ətraf mühitə ciddi ziyan vurmasıdır. Dünən də Əlcəzair xalqı faciəli günlərindən birini qeyd edib. Bu ölkədə atom bombası sınağının keçirilməsinin 65 ili tamam olub. Həmin sınaqlar yüz minlərlə insanın həyatını itirməsi, təbiətə milyonlarla ziyan dəyməsi ilə nəticələnib. Bugünlərdə Əlcəzair Prezidenti Əbdülməcid Təbbun “Opinion” fransız nəşrinə müsahibəsində bildirmişdi ki, Fransa nüvə poliqonu kimi istifadə etdiyi torpaqların zərərsizləşdirilməsi problemini həll etməli, həmçinin sınaqların keçirildiyi və materialların basdırıldığı dəqiq əraziləri Əlcəzair tərəfinə bildirməlidir. “Bu vacibdir. Nüvə poliqonlarının zərərsizləşdirilməsi məsələsi insani, mənəvi, siyasi və hərbi baxımdan məcburidir. Biz bunu amerikalılarla, ruslarla, indoneziyalılarla, çinlilərlə edə bilərdik. Lakin hesab edirik ki, Əlcəzair bunu sınaqları keçirən və materialları basdıran, dəqiq əraziləri bizə bildirməli olan Fransa ilə birlikdə etməlidir", - deyə Ə.Təbbun qeyd edib.
"Qərbi Səhra məsələsinə gəlincə, prezident Makronu xəbərdar etdim: Siz ciddi səhv edirsiniz! Tozu xalçanın altına süpürmək lazım deyil, bu məsələləri birdəfəlik həll etmək lazımdır", - deyə o vurğulayıb.
Fransanın 132 illik işğalı dövründə törətdiyi ən ağır cinayətlərdən biri
Əlcəzairin cənubunda aparılan nüvə təcrübələri Fransanın 132 illik işğalı dövründə törətdiyi ən ağır cinayətlərdən biridir. 13 fevral 1960-cı ildə Əlcəzairin Reqan şəhəri yaxınlığındakı "Səhra Hərbi Təcrübələr Mərkəzi"ndə (CSEM) ilk atom bombasını partladaraq Fransa nüvə dövləti statusu qazandı. "Mavi siçovul" adlanan 70 kt gücündə olan bomba Xirosimaya atılan bombadan dörd dəfə çox enerji yaydı. İkinci bomba olan 5 kt gücündəki "Ağ siçovul" bir neçə ay sonra, 1960-cı il aprelin 1-də partladıldı. 5 kt-dən az gücü olan "Qırmızı siçovul" 1960-cı il dekabrın 27-də, oxşar gücdə olan "Yaşıl siçovul" isə 1961-ci il aprelin 25-də partladıldı. Fransa ümumilikdə Əlcəzairin Reqan və Hoqqar bölgələrində 17 atmosfer və yeraltı nüvə sınağı həyata keçirdi. Bu sınaqlar 1960-1967-ci illər arasında aparıldı və doqquz sınaq Əlcəzairin müstəqillik qazanmasından sonra həyata keçirildi (Əlcəzair 1830-cu ildən 1962-ci ilə qədər Fransanın müstəmləkəsi olub). Silahlanma Rəsədxanasının direktoru Patris Buverin fikrincə, keçmiş prezident Şarl de Qoll Səhranı sınaq meydanı kimi saxlamaq üçün onu Əlcəzairdən təcrid etməyə ümid edirdi. Lakin Fransanın nüvə ambisiyalarına Əlcəzairin müstəqillik müharibəsi mane oldu. Sınaqlar insanları, heyvanları və bitkiləri məhv edib və Əlcəzairin yüz minlərlə kvadrat kilometr ərazisini və başqa bölgələri çirkləndirib. Radioaktiv tullantılar təkcə səhrada deyil, Afrika və Aralıq dənizində də yayılıb.
Yeri gəlmişkən, Əlcəzairdəki nüvə sınaqları haqqında daha ətraflı məlumatı dünya yalnız 2014-cü ildə, Fransa Müdafiə Nazirliyi Nüvə Sınaqları Veteranları Milli Assosiasiyasının məhkəmə iddialarının fonunda təxminən 60 sənədi məxfilikdən çıxaranda öyrənib. Bununla belə, fransalı nüvə eksperti Bruno Bariyo qeyd edir ki, çox sənəd çatışmır: "Əgər biz həqiqəti öyrənmək istəyiriksə, fransız ordusunun sənədlərindən "Məxfi" qrifinin götürülməsi prinsipinin özü dəyişdirilməlidir". Məxfilikdən çıxarılmış sənədlər arasında ilk sınaqdan 13 gün sonra tərtib edilmiş xəritə var idi. Onda İspaniyanın cənub sahillərindən Çada, Şimali Afrikanın qərb hissəsindən Siciliyaya qədər əraziyə yayılmış radioaktiv bulud qeyd edilmişdi. Havanın çirklənməsindən əlavə, suyun tərkibinin dəyişməsi də qeydə alınıb. 1966-cı ildə fransız hərbçiləri poliqonları tərk etdikdən sonra nüvə tullantılarını və avadanlığı qumda basdırıblar. Basdırılma yerləri naməlum qalıb, ona görə də toksik qalıqlar və zibil hələ də ekologiyaya və sağlamlığa ciddi ziyan vurur.
Bəli, tarixi faktdır ki, Fransa Əlcəzairdə dəhşətli soyqırımıları, faciələr törədib. Lakin keçmişindən utanmayan Fransa bunu nəinki etiraf etmir, hətta başqa ölkələrə iradlar tutur. Lakin unudurlar ki, tarix tarixdir və törətdikləri alınlarındakı gizlədilməsi mümkün olmayan qara ləkələrdir.(Report)