Georgi Kabakov beşinci dəfə Azərbaycan təmsilçisinin matçına təyinat alı
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu “Braqa” ilə oyununu idarə edəcək FIFA referisi Georgi Kabakov karyerası ərzində beşinci dəfə Azərbaycan təmsilçisinin matçına təyinat alıb.
“Azerinews.az”ın məlumatına görə, bolqarıstanlı bunun üçündə baş hakim, birində isə ehtiyat hakim kimi fəaliyyət göstərib.
Maraqlıdır ki, dörd görüşün hər biri Azərbaycan komandalarının səfər qarşılaşmalarına təsadüf edib. Kabakovun təmsilçilərimizlə ilk tanışlığı 2013-cü ildə gerçəkləşib. U-17 millimizin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Rusiyaya səfərdə 1:0 hesabı ilə uduzduğu oyunda Kabakov ehtiyat hakim olub.
O, 2019-cu ilin martında əsas yığmanın Xorvatiya ilə səfər qarşılaşmasını idarə edib. Zaqrebdə baş tutan AVRO-2020-nin seçmə mərhələ görüşündə Ramil Şeydayev 19-cu dəqiqədə hesabı açsa da, komanda meydanı 2:1 hesablı məğlubiyyətlə tərk edib. Hazırda “Qarabağ”ın kapitanı olan Maksim Medvedev həmin oyunda sarı vərəqə ilə cəzalanıb.
Georgi Kabakov iki dəfə də “Qarabağ”ın avrokubok görüşündə iş başında olub. Millilərdən fərqli, onun idarəçiliyi Ağdam klubu üçün düşərli olub. Qurban Qurbanovun kollektivi 2015/16 mövsümündə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Rudar”a Monteneqroda 0:1 hesabı ilə qalib gələrək, yoluna davam edib. Qalibiyyət topuna 57-ci dəqiqədə Reynaldo imza atıb.
Kabakovun “Qarabağ”la yolu cari mövsüm Avropa Liqasının pley-offunda da kəsişib. Təmsilçimiz Sloveniyada “Olimpiya”nı 0:2 hesabı ilə üstələyərək, qrup mərhələsinə adlayıb. Kevin Medina və Leandro Andrade birinci hissədə fərqləniblər. Ağdam təmsilçisinin heyətində Julio Romao isə sarı vərəqə alıb.
Ümumiyyətlə, 37 yaşlı Georgi Kabakov 2013-cü ildən FIFA referisidir.
Qeyd edək ki, fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Braqa” oyunu saat 21:45-də başlayacaq. İlk görüşdə Azərbaycan çempionu inamlı qələbə qazanıb - 2:4.