Azərbaycan futbol klubu adını dəyişir
Azərbaycanın futbol üzrə I Liqa klubu "Mingəçevir" adını dəyişdirir.
Prosport.Az-ın xəbərinə görə, klub növbəti mövsümdən əvvəlki adına qovuşmaq istəyir.
Bu səbəbdən də "Mingəçevir" klubu yeni mövsümdən "Kür-Nur" adı ilə çıxış edəcək. Artıq bunun üçün iyun ayından sənədləşmə işlərinə başlanılacaq.
Qeyd edək ki, klubun yeni loqosunda yarandığı il kimi daha 2022-ci il yox, 1966-cı il göstəriləcək. Həmin il Mingəçevir Tekstil Zavodunun himayəsində olan "Tekstilşik" klubu fəaliyyət göstərib və 2 dəfə SSRİ Kubokunda mübarizə aparıb. Məhz "Mingəçevir"dən öncə I Liqada mübarizə aparmış "Energetik" klubu da loqosunda bu ildən yararlandığını qeyd etmişdi.
1960-cı illərin əvvəllərində Şəki mətbuatında kabel zavodunun himayəsində fəaliyyət göstərmiş "Kabelçi" komandası SSRİ II Liqasında yerli "Xansaray" komandası ilə oyunu zamanı "Kür" kimi təqdim olunub.
"Kür" komandası peşəkar klub kimi 1990-cı ildə dağılmış "Avtomobilçi" klubunun bazası əsasında yaradılıb. 1993/94 mövsümünün ortasında klubu Mingəçevir Su Elektrik Stansiyası himayəsinə götürdüyündən, komandanın adı "Kür-Nur"a dəyişdirilib. 1997/98 mövsümü başa çatdıqdan sonra komanda maliyyə problemləri ucbatından dağılıb. Bu adla çıxış edərkən klub 2 dəfə Azərbaycan Kubokunun finalçısı olub. Qurban Qurbanov, Zaur Tağızadə, Ramiz Məmmədov kimi tanınmış simalar vaxtı ilə bu klubda çıxış edib.