Müzəffər Qasımov Gəncədə anıldı
Gəncə futbolunun dahi simalarından biri Müzəffər Qasımov anadan olmasının 83-cü ildönümündə anılıb. Kəpəz futbol klubundan aldığımız məlumata görə, mərhumun həyat yoldaşı Tahirə Qasımova, ailə üzvləri, veteran futbolçular, eləcə də "Kəpəz" klubunun rəhbərliyi Fəxri Xiyabanda dəfn olunan SSRİ idman ustasının məzarını ziyarət ediblər. Əməkdar məşqçinin məzarı üzərinə qərənfillər düzülüb, ruhuna dualar oxunub.
Gəncə Futbol Akademiyasının direktoru Cabir İbrahimov, əsas komandanın baş məşqçisi Adil Şükürov, Gəncə Regional Futbol Federasiyasının sədri Nurəddin Əliyev və digərləri Müzəffər Qasımov haqqında fikirlərini bölüşüblər. Çıxış edənlər bildiriblər ki, Gəncədə peşəkar futbol klubunun yaradıldığı ilk ildən komandanın heyətində olmuş Müzəffər Qasımov öz oyunu ilə azarkeşlərin qəlbinə yol tapıb. “Dinamo”nu kapitan kimi SSRİ Çempionatının Yüksək Liqasında meydana çıxarıb. Karyerasını başa vurduqdan sonra da müxtəlif illərdə doğma komandasına baş məşqçi və klub rəsmisi kimi xidmət edib.
Qeyd edək ki, Müzəffər Qasımov 23 fevral 1941-ci ildə Tovuz şəhərində anadan olmuşdur. Məktəbdə 6-cı sinifdə oxuyarkən Tovuz yığmasına cəlb olunub.
1959-cu ilin iyun ayında Gəncə şəhərinin ustalardan ibarət "Tekstilşik" futbol komandasına dəvət olunub. 1974-cü ilədək bu komandanın əsas heyətində çıxış etmişdir. 1965-1974-cü illərdə komandanın kapitanı olmuşdur.
1962-ci ildə Gəncədəki Bədən Tərbiyəsi və İdman Texnikumunu, 1967-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1976-1977, 1984 və 1989-cu illərdə "Kəpəz" futbol komandasının baş məşqçisi, 1985 və 1990-cı illərdə isə rəisi kimi fəaliyyət göstərmişdir.
2011-ci ildən ömrünün sonunadək Gəncə Regional Futbol Federasiyasında yarışların təşkili və keçirilməsi üzrə koordinator, Gəncə Futbol Veteranları Klubunun icraçı direktoru və "Kəpəz" Peşəkar Futbol Klubunun müşahidə şurasının üzvü olmuşdur. Sovetlər dönəmində müxtəlif dövlət mükafatları alan futbol dahisi ölkəmiz müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikasının əməkdar məşqçisi, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi adlarına layiq görülüb.