Sumqayıtda qatar vuran qadının son durumu açıqlanıb - YENİLƏNİB
Sumqayıtda qatar vuran 1970-ci il təvəllüdlü şəxsin (qadın cinsli) son durumu məlum olub.
"Azerinews.az" xəbər verir ki, Sumqayıt Tibb Mərkəzi İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib ki, o, bu gün saat 08:55 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
"Ona döş qəfəsi, qarının küt travması, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sifətin sağ yarısının əziyi sıyrılmış yarası, sağtərəfli 3.4.5.6.7.8.9 -cu qabırğaların qapalı yerdəyişən sınığı diaqnozları qoyulub.
Hazırda tibb müəssisəsinin Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır", - Mərkəzdən qeyd olunub.
Bu gün saat 07:50 radələrində sürət qatarı Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olarkən Yeni Sumqayıt mənzilində bir qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.
"Azerinews.az" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Qəza nəticəsində qadın xəsarət alıb, əraziyə təcili tibbi yardım çağırılıb. Sözügedən xətt üzrə qatarların fəaliyyəti qısa zamanda bərpa olunub.
"ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə, yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır", - deyə məlumatda qeyd olunub.