Gəncə–Qəbələ–Gəncə dəmir yolu marşrutu üzrə səfərlərə başlanılır

5-01-2026, 14:11 8 dəfə baxılıb

 

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi məqsədilə yanvarın 12-dən etibarən ilk dəfə Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə müntəzəm sərnişindaşıma xidmətinə başlayacaq.

ADY-dən bildirilib ki, bu Gəncə–Mingəçevir–Gəncə marşrutundan sonra ADY-nin ikinci regiondaxili sərnişindaşıma marşrutu olaraq bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsinə, regionlararası nəqliyyat bağlantısının və mobilliyin genişləndirilməsinə xidmət edəcək.

Marşrut üzrə sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstəriləcək. Qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcək. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edəcək.

“Sərnişinlər ümumi uzunluğu 139 kilometr olan marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər. Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Biletlərin minimal qiyməti Gəncə–Qəbələ istiqamətində 4,30 manat, Ləki–Qəbələ istiqamətində isə 1,70 manat təşkil edəcək. Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verəcək. Belə ki, Bakı–Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə–Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkün olacaq. Sərnişinlər Qəbələ–Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax–Bakı qatarı ilə Bakıya gələ bilərlər”, - deyə qurumun yaydığı məlumatda bildirilir.

Biletləri bu gündən etibarən ADY-nin rəsmi veb-saytı və “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930