Qələbədən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı işlərə 12 mlrd manat ayrılıb
Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 mlrd manat vəsait ayrılıb. 2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub.
"Azerinews.az" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov dekabrın 5-də keçirilən parlamentin plenar iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün sonrakı illərdə 14,5 mlrd manat vəsait nəzərə alınmaqla 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur:
“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin rayonların sürətlə dirçəlməsinə, əhalinin məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir”.